“Pxençan-2018”: Xorvatiya ilk medalını qazanıb
Martın 16-da - “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının səkkizinci günündə 11 dəst medalın sahibləri müəyyənləşib. Xorvatiya Paralimpiadada snoubordun “banked slalom” növündə ilk medalını qazanıb.

Paralimpiyaçılar biatlon və snoubord yarışlarında medallar uğrunda yarışıblar.

Oyunların altıncı günündə dağ xizəkçiliyinin böyük slalom növü üzrə yarışlar keçirilib.

Qadınlar arasında biatlon yarışlarında 12,5 kilometr məsafəyə oturaq vəziyyətdə mübarizədə Almaniya idmançısı Andrea Eskau 49 dəqiqə 41 saniyəlik nəticə ilə Paralimpiya çempionu olub. İlk üçlüyü ABŞ təmsilçisi Oksana Masters və belaruslu Lidya Xrafeyeva tamamlayıblar.

Kişilər arasında 1,5 kilometr məsafəyə oturaq vəziyyətdə mübarizədə qazaxıstanlı Aleksandr Koliadin 4 dəqiqə 19 saniyəlik nəticə ilə qızıl medal qazanıb. Yaponiya idmançısı Yoşihiro Nitta gümüş, eyni nəticə göstərən kanadalı Mark Arendz və finlandiyalı İlkka Tuomisto isə bürünc medala layiq görülüblər.

Kişilərin 15 kilometr məsafəyə oturaq vəziyyətdə yarışlarında Almaniya idmançısı Martin Fleiq 49 dəqiqə 57 saniyəlik göstərici ilə qızıl medal əldə edib. ABŞ idmançısı Daniel Cnossen və kanadalı Kollin Kameron ilk üçlüyü tamamlayıblar.

Qadınların 12,5 kilometr məsafəyə ayaqüstə mübarizəsində Paralimpiya bayrağı altında çıxış edən rusiyalı Anna Milenina 36 dəqiqə 56 saniyə nəticə ilə qızıl medala sahib olub. Digər rusiyalı atlet Yekaterina Rumyantseva və Kanada idmançısı Brittani Hudak ilk üçlükdə yer alıblar.

Kişilər arasında ayaqüstə 15 kilometr məsafəyə yarışlarda kanadalı Mark Arendz 42 dəqiqə 52 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Fransalı Benjamin Daviet və Norveç paralimpiyaçısı Nils-Erik Ulset ilk üçlüyü tamamlayıblar.

Görmə qabiliyyəti zəif qadınların 12,5 kilometr məsafəyə yarışlarında Rusiya atleti Mixalina Lisova 37 dəqiqə 42 saniyə nəticə ilə birinci olub. Ukraynalı Oksana Şişkova gümüş, Almaniya idmançısı Klara Kluq bürünc medal əldə ediblər.

Görmə qabiliyyəti zəif kişilərin 15 kilometr məsafəyə yarışlarında ilk iki pilləni Ukrayna idmançıları tutublar. Belə ki, Vitali Lukyanenko (44 dəqiqə 11 saniyə) birinci, Oleksandr Kazık isə ikinci olub. Fransalı Antoni Çalencon üçüncü yerdə qərarlaşıb.

Paralimpiyaçılar snoubordun “banked slalom” növündə mübarizə aparıblar.

Qadınların “SB-LL1” kateqoriyasında yarışlarında ABŞ idmançısı Brenna Hukabi birinci, Fransa təmsilçisi Sisile Hernandez ikinci, digər ABŞ təmsilçisi Emi Purdi üçüncü olub.

“SB-LL2” kateqoriyasında qadınların mübarizəsində Niderland idmançısı Bibian Mentel-Spi bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. ABŞ paralimpiyaçısı Brittani Kouri və niderlandlı Liza Bunşoten ilk üçlüyü tamamlayıblar.

Kişilərin “SB-UL” kateqoriyasında yarışlarında ABŞ idmançısı Mayk Minor fərqlənib. Avstriya təmsilçisi Patrik Maykhofer yarışı ikinci, avstraliyalı Simon Patmore isə üçüncü pillədə başa vurub.

“SB-LL1” kateqoriyasında kişilərin mübarizəsində ilk iki yeri ABŞ təmsilçiləri tutublar. Belə ki, Noah Elliott birinci, Mayk Şultz isə ikinci pillədə qərarlaşıblar. Xorvatiyalı Bruno Bosnjak isə yarışın bürünc medalını əldə edib.

Kişilərin “SB-LL2” kateqoriyasında yarışlarında yaponiyalı Qurimu Narita qızıl, ABŞ təmsilçisi Evan Stronq gümüş, finlandiyalı Matti Suur-Hamari bürünc medal qazanıblar.

“Ağ Paralimpiada”nın səkkizinci gününün yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 11 qızıl, 12 gümüş və 7 bürünc medal var. Ümumilikdə 25 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Rusiya (8-8-4) ikinci, Almaniya (6-7-2) üçüncü, Ukrayna (6-6-7) dördüncü, Slovakiya (6-2-1) isə beşinci pillədə qərarlaşıb.

Xəbər 625 dəfə oxundu.