Məşhur müğənni Kristina Aqilera Formula 1 yarışı ərəfəsində Bakıda konsert verəcək
Məşhur müğənni Kristina Aqilera aprelin 28-də Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu başa çatdıqdan sonra axşam saatlarında avtoidman həvəskarları üçün konsert proqramı ilə çıxış edəcək.

Ötən illərdəkindən fərqli olaraq, bu il yarış həftəsonunun axşam saatlarında keçirilən əsas konsert proqramları “Baku Crystal Hall”da baş tutacaq.

Bəstəkar və aktrisa kimi də tanınan müğənni K.Aqileranın 7 albomu dünyada ümumilikdə 43 milyondan çox satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən K.Aqilera indiyədək 6 “Grammy” mükafatına layiq görülüb. Onun 4 mahnısı “Billboard”ın ən çox dinlənən 100 ifası cədvəlində ilk sırada yer alıb. Bundan başqa, K.Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox əfsanəvi incəsənət adamları ilə də sıx əməkdaşlıq edib.

“Rolling Stone” jurnalı K.Aqileraya “Bütün dövrlərin ən çox dinlənən 100 ifaçısı”, “Time” jurnalı isə ona “Dünyanın ən nüfuzlu 100 şəxsi” sırasında yer verib. “Genie in a bottle”, “Beautiful” və “Come on over” kimi ən çox dinlənən ifaları bütün dünyada rekord qıraraq ona bütün dövrlərin ən uğurlu pop və vokal ifaçılarından biri ünvanını qazandırıb.

K.Aqilera müğənnilik və bəstəkarlıq fəaliyyəti ilə yanaşı, müxtəlif film və seriallara da çəkilib. O həm rol aldığı “Burlesque” filmində səsləndirilən “Bound to you” mahnısının bəstəkarlarından biri olub. Daha sonra bu mahnı “Golden Globe” nominasiyasına layiq görülüb. Bu il K.Aqilera “Warner Bros” tərəfindən çəkilən “Life of the party” və çəkilişi müstəqil aparılan “Zoe” filmində yer alacaq. “Zoe” filmi bu il ilk dəfə “Tribeca” film festivalında nümayiş olunacaq.

Bundan başqa, K.Aqilera Ümumdünya Ərzaq Proqramında BMT-nin səfiri kimi fəaliyyət göstərməklə yanaşı, bir sıra digər xeyriyyə işlərində də yer alır.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov K.Aqileranın yarış ərəfəsində Bakıda konsert verəcəyi xəbərinə çox sevindiyini bildirib: “K.Aqileranın Formula 1 Azərbaycan Qran-Prisinin yarış həftəsonunun şənbə günündə Bakıda konsert proqramı ilə çıxış edəcəyi xəbəri bizi çox sevindirdi. O həqiqətən də superstardır və musiqi tarixində ən çox dinlənən mahnılardan bir neçəsinin valehedici ifaçısıdır. Gərgin mübarizə ilə keçən sıralanma turundan sonra onun “Baku Crystal Hall”da avtoidman həvəskarlarının qarşısına çıxaraq ən məşhur ifalarını səsləndirməsi bizim üçün böyük bir ayrıcalıqdır və eyni zamanda, çox həyəcanverici məqamdır. İnanıram ki, onun Azərbaycandakı azarkeşləri səbirsizliklə bu anı gözləyirlər. Fürsətdən istifadə edərək K.Aqileranın bütün həvəskarlarını ilin ən baxımlı və əyləncəli yarış həftəsonunu bizimlə birlikdə keçirməyə dəvət edirəm. Bu konsert proqramı yarış həftəsonları arasında ən mükəmməl şənbə günü ab-havası yaradacaq. Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və aprelin 27-29-da Bakıda bizimlə birlikdə olun!”

Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Həmçinin tamaşaçıların Bakı şəhər halqasından “Crystal Hall”a rahat gediş-gəlişi üçün xüsusi avtobuslar xidmət göstərəcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq pit yolu gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib Dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonundan hərtərəfli zövq ala biləcəklər.

Xəbər 1342 dəfə oxundu.