Beynəlxalq Olimpiya və Paralimpiya Komitələri əməkdaşlıq barədə müqavilənin müddətini uzadıblar
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endrü Parsons uzunmüddətli əməkdaşlıq barədə razılıq imzalayıblar.

Sənəd tərəfdaşlıq münasibətlərinə əsaslanır və bura BOK-un Olimpiadaya ev sahibliyi edən ölkədə Paralimpiya Oyunlarının keçirilməsinə köməyi davam etdirmək, BPK-nın maliyyə sabitliyini təmin etmək kimi bir sıra müddəalar daxildir. İki təşkilatın birgə fəaliyyəti bütün dünyada olimpiya və paralimpiya hərəkatının strateji inkişaf planının dərindən öyrənilməsinə və işlənilməsinə istiqamətlənəcək.

Tomas Bax deyib: “Olimpiya və paralimpiya hərəkatları arasında əməkdaşlığın inkişafı Olimpiya-2020-nin gündəliyində prioritet məsələlərdən biridir”. BOK prezidenti əlavə edib ki, Beynəlxalq Paralimpiya Komitəsini dəstəkləmək və onu inkişaf etdirmək Beynəlxalq Olimpiya Komitəsi üçün böyük şərəfdir.

Endrü Parsons isə həmkarının sözünə qüvvət verərək deyib: “Mənim BPK prezidenti kimi vəzifəm – ilk növbədə BOK ilə münasibətləri möhkəmləndirmək və paralimpiya hərəkatını uğurla inkişaf etdirməkdir. Mən çox məmnunam ki, biz bu tarixi sazişi bağlamışıq. 2000-ci ildə bağladığımız ilk razılaşmamızdan ötən müddətdə Paralimpiya Oyunları möhtəşəm inkişaf əldə edib”.

Diqqətəlayiqdir ki, məmurlar əməkdaşlıq barədə müqaviləni məhz Cənubi Koreyada – bu il Olimpiya və Paralimpiya Oyunlarını eyni idman obyektlərində keçirildiyi ölkədə imzalayıblar.

Xəbər 1456 dəfə oxundu.