Yeniyetmə güləşçilərimiz Avropa çempionatına Xaçmaz və Astarada hazırlaşırlar
Aprelin 23-29-da Kiyevdə yeniyetmə güləşçilərin Avropa çempionatı keçiriləcək.

Çempionata yüksək səviyyədə hazırlıq keçmək məqsədilə yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımızın üzvləri Xaçmaz Olimpiya İdman Kompleksində toplanışdadır. Martın 11-dən 24-dək keçirilən təlim-məşq toplanışında, ümumilikdə 42 idmançı iştirak edir.

Yeniyetmə, gənc və böyüklərdən ibarət qadın güləşi üzrə yığma komandalarımızın üzvləri isə təlim-məşq toplanışlarını Astara Olimpiya İdman Kompleksində davam etdirirlər. Toplanışda yığma komandamızın 17 üzvü ilə yanaşı, Özbəkistan millisinin 9 güləşçisi də iştirak edir. Martın 12-dən başlayan təlim-məşq toplanışı ayın 25-dək davam edəcək.

Qeyd edək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziyalar da Avropa çempionatında qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71, 92, sərbəst güləş üzrə 48, 55, 65, 80, 110, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.


Xəbər 1392 dəfə oxundu.