DÇ-2012-nin təbliğatı davam edir
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüblər. İdman.com.az-ın AFFA-nın rəsmi saytına məlumatına görə, nümayiş formatında təşkil olunmuş görüş universitetin önəmli tədbiri ilə planlı şəkildə ardıcıl olaraq keçirilib.

ADU-nun professoru Sərxan Abdullayevin 70 illik yubileyi münasibətilə təşkil olunan tədbirin 400-ə yaxın iştirakçısı zalda öz yerlərini tutmazdan öncə, dünya çempionatının stendinə yaxınlaşaraq həm çempionat barədə ümumi məlumat, həm də könüllülük proqramı haqqında informasiya əldə ediblər. Ölkəmizdə keçiriləcək böyük futbol turnirin ümumi təqdimat materiallarının sərgiləndiyi tədbirdə çempionatın rəsmi maskotu da iştirak edib.

Xatırladaq ki, bir neçə gün öncə həmin universitetdə yerli təşkilat komitəsi nümayəndələri tərəfindən təqdimat keçirilmiş və gənclərə FİFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət yığmamız barədə məlumat verilmişdi.

Xəbər 1086 dəfə oxundu.