Mərakeş futbol üzrə dünya çempionatına ev sahibliyini qazanmağa çalışır
Mərakeş futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməyə çalışır.

“Mərakeş-2026” təşkilat komitəsinin rəhbəri Mulay Xafid Elaləmi İordaniyaya səfər edərək mundiala ev sahibliyi ilə bağlı Qərbi Asiya ölkələrinin dəstəyini almağa çalışıb.

Dünya çempionatına ev sahibliyinə dair martın 16-da FIFA-ya təqdim ediləcək iddia ərizəsini İordaniya Futbol Federasiyasının və Qərbi Asiya Ölkələri Futbol Federasiyaları Assosiasiyasının prezidentinə təqdim edən M.X.Elaləmi ölkəsinin namizədliyinin dəstəklənməsini istəyib.

Xatırladaq ki, Qərbi Asiya Ölkələrinin Futbol Federasiyaları Assosiasiyasına 12 ölkə daxildir. Mərakeş Afrika dövlətləri ilə yanaşı, bu ölkələrin də dəstəyinə ümid bəsləyir.

Dünyanın 221 ölkəsinin Futbol Federasiyasının nümayəndələri bu ilin iyununda Moskvada XXIII dünya çempionatına ev sahibliyi etmək iddiasında olan Mərakeş Krallığı və birgə ərizə ilə çıxış etmiş ABŞ, Meksika və Kanadanın namizədliyi arasında seçim edəcəklər.

Xəbər 572 dəfə oxundu.