Avropa Velosipedçilər Birliyinə yeni prezident seçilib | |
İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin (UEC) yeni prezidenti seçilib. İstanbulda təşkil olunan sayca 31-ci Konqresdə quruma üzv olan 50 milli federasiyadan 44-nün nümayəndələri iştirak ediblər. Seçkiyə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, UEC-in Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də qatılıb. Bunadək Avropanın ali velosiped qurumunun vitse-prezidenti vəzifəsində olan Rokko Kattaneonun səlahiyyət müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. O, UEC-in keçmiş prezidenti David Lappartyenin ötən ilin sentyabrında Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) rəhbəri seçilməsindən sonra UEC-in prezidenti vəzifəsini icra edirdi. Rokko Kattaneonun prezident seçilməsindən sonra boş qalan vitse-prezident postu danimarkalı Henrik Jess Yansenə həvalə edilib. Bundan başqa, britaniyalı Alasdair Maklennan UEC-in Rəhbər Komitəsinin üzvlüyünə qəbul edilib. Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi biri qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir. Konqres zamanı Rokko Kattaneonun təklifi ilə David Lappartyen UEC-in fəxri prezidenti təyin edilib. Qurumun növbəti Konqresi 2019-cu ilin martında İtaliyanın paytaxtı Romada olacaq. |
|
Xəbər 1094 dəfə oxundu. |
|
|