Avtoidman pilotu Gülhüseyn Abdullayev Türkiyədə xatirə turnirində uğurla çıxış edib
Azərbaycanın avtoidmanda yeganə təmsilçisi Gülhüseyn Abdullayev Türkiyənin Tuzla şəhərində təşkil edilən turnirin qalibi olub.

Keçən il dünyasını dəyişən Berat Türkerin xatirəsinə həsr olunan turnirə bu ölkənin tanınmış sürücüləri qatılıblar. Turnir Türkiyənin Avtoidman Federasiyası ilə birlikdə Tuzla Avtoidman Klubu tərəfindən təşkil olunub.

Gülhüseyn Abdullayev hazırda mövsümlərarası fasilədən tam faydalanmaq üçün dostunun xatirəsinə həsr olunmuş turnirdə gücünü sınamaq qərarına gəlib. DD2 kateqoriyasında (mexaniki ötürmələr qutulu kartlar) yarışda iki yarımfinal mərhələsi keçirilib. Sıralanma turunda poula cəmi 0.002 saniyə uduzan həmyerlimiz hər iki yarımfinal yarışında qələbə qazanmaqla finala yüksəlib. Finalda isə pouldan start alan həmyerlimiz rəqiblərinə heç bir şans verməyib.

Beləliklə, G.Abdullayev dostunun xatirəsini 3 qələbə ilə yad edib.

Bu uğurlu çıxışı barədə məlumat verən G.Abdullayev deyib: “Hazırda Asiyada müxtəlif yarışlara qatılmaqla, fiziki formamı təkmilləşdirirəm. Abu-Dabidə qazandığım qələbədən sonra Türkiyəyə gəlmək çox faydalı oldu. Vaxtilə bir çox yarışlarda mübarizə apardığım dostum Beratın xatirəsinə ilk dəfə təşkil edilən turnirin ilk qalibi olmağı çox arzu edirdim. Hər üç yarışda qalib gəlmək mənim üçün gözlənilməz oldu. Yaxşı formada olduğumu bir daha sübut etdim. Hələ çempionatın startına çox var. Ona görə də imkan daxilində belə yarışlara qatılıb maksimum nəticə göstərməyə çalışacağam”.

Xəbər 1288 dəfə oxundu.