“Şahin” hərbi-idman oyunu üzrə Naxçıvan şəhərinin qalibləri müəyyənləşib
Naxçıvan şəhərindəki “N” hərbi hissədə Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında keçirilən “Şahin” hərbi-idman oyununun qalibləri məlum olub.

Əlahiddə Ümumqoşun Ordu, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 13 tam orta məktəbin komandası mübarizə aparıb.

Yarış başlamazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Elşən Rəfiyev, Əlahiddə Ümumqoşun Ordunun zabiti Zaur Həmidov, Təhsil Şöbəsinin nümayəndəsi Mahmud Kərimov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi, leytenant Əmrah Ələkbərov çıxış edərək gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi haqqında danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Hərbi-idman oyununda komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə qüvvələrini sınayıblar.

Yarışın yekun nəticəsinə əsasən, 1 nömrəli tam orta məktəbin komandası I, 14 nömrəli tam orta məktəbin komandası II, 15 və 3 nömrəli tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülüblər. Qalib komandalar təşkilatçıların diplom, fəxri fərman və kubokları ilə mükafatlandırılıblar.

Qeyd edək ki, I və II yerin qalibləri olan 1 və 14 nömrəli tam orta məktəblərin komandaları bu ilin aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər.

Xəbər 983 dəfə oxundu.