“Synergy Baku” velosiped komandası Side Qran-Prisinin ən yaxşısı olub
Türkiyənin Side bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Side Qran-Prisi keçirilib. Birgünlük yarış “Synergy Baku” kontinental komandamız üçün uğurlu alınıb.

Yarışda Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Polivoda, Musa Mikayılzadə, Kərim Şirəliyev, Kənan Qəhrəmanlı və Telman Vəliyevdən ibarət heyətlə mübarizə aparan komandamızın heyətində ən yüksək nəticəyə Samir Cəbrayılov imza atıb. Əla komanda işinin nəticəsi olaraq finiş xəttinə 4 nəfərlik kiçik qrupun tərkibində gələn S.Cəbrayılov 184,9 kilometr məsafəni 4 saat 16 dəqiqə 23 saniyəyə başa vurub və fotofinişə əsasən ikinci olub. Bu nəticə, həmçinin idmançımıza 30 reytinq xalı da qazandırıb.

“Synergy Baku”nun digər üzvü Aleksandr Polivoda isə qalibdən 5 saniyə geri qalaraq 5-ci yeri tutub və bununla da klubumuzun aktivinə daha 15 xal əlavə edib.

Komanda hesabına gəlincə, “Synergy Baku” ən yaxşı göstəriciyə imza atmaqla xüsusi mükafatla təltif edilib.

Xəbər 1090 dəfə oxundu.