“Pxençan-2018”: 15 ölkədən idmançılar medalçılar arasında yer alıblar
“Pxençan-2018” Qış Paralimpiya Oyunlarının ikinci günündə - martın 10-da 12 dəst medalın sahibləri müəyyənləşib. “Pxençan-2018”də 15 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Paralimpiyaçılar dağ xizəkçiliyi və biatlon yarışlarının hər biri üzrə 6 dəst medal uğrunda yarışıblar.

Görmə qabiliyyəti zəif olan qadınlar arasında dağ xizəkçiliyi üzrə enmə yarışlarında Slovakiya idmançısı Henrieta Farkasova 1 dəqiqə 29 saniyə nəticə ilə birinci olub. Böyük Britaniya təmsilçisi Milli Nayt yarışı ikinci, belçikalı Eleonor Sana üçüncü pillədə başa vurublar.

Qadınlar arasında ayaq üstə enmə yarışlarında fransalı Marie Boçet 1 dəqiqə 30 saniyə nəticə ilə paralimpiya çempionu adını qazanıb. Almaniya xizəkçisi Andrea Rothfuss gümüş, kanadalı Molli Jepsen isə bürünc medal qazanıblar.

Oturaq vəziyyətdə qadınların enmə yarışlarında Almaniya xizəkçisi Anna Şaffelhuber 1 dəqiqə 33 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yaponiyalı Momoka Muraoka ikinci, ABŞ idmançısı Lauri Stefens üçüncü pillədə qərarlaşıblar.

Görmə qabiliyyəti zəif olan kişilərin enmə yarışlarında Kanada idmançısı Mak Markuks 1 dəqiqə 23 saniyəlik nəticə ilə “Pxençan-2018”in qalibi olub. Slovakiyalı Yakub Krako və İtaliya təmsilçisi Giakomo Bertanyolli ilk üçlüyü qapayıblar.

Kişilərin ayaq üstə enmə yarışlarında isveçrəli Teo Qmur 1 dəqiqə 25 saniyə göstərici ilə Paralimpiya çempionu adına sahib olub. Fransalı Artur Bauçet yarışı ikinci, Avstriya xizəkçisi Markus Salçer üçüncü pillədə yer alıblar.

Oturaq vəziyyətdə kişilərin enmə yarışlarında ABŞ xizəkçisi Andrey Kurka 1 dəqiqə 24 saniyə ilə birinci olub. Yaponiyalı Taiki Morii və Yeni Zelandiya təmsilçisi Korey Peters ilk üçlükdə qərarlaşıblar.

Biatlon yarışlarında qadınların 6 kilometr məsafəyə oturaq vəziyyətdə mübarizəsində 21 dəqiqə 52 saniyə nəticə ilə ABŞ idmançısı Kendall Qretş qızıl medala sahib olub. Daha bir ABŞ təmsilçisi Oksana Masters yarışı ikinci, belaruslu Lidiya Xrafeyeva isə üçüncü pillədə qərarlaşıblar.

Kişilər arasında 7,5 kilometr məsafəyə oturaq vəziyyətdə mübarizədə ABŞ paralimpiyaçısı Daniel Cnossen 23 dəqiqə 49 saniyə nəticə ilə “Pxençan-2018”in qızıl medalını əldə edib. Belaruslu Dmitri Loban gümüş, Kanada idmançısı Kollin Kameron bürünc medala sahib olublar.

Qadınların 6 kilometr məsafəyə ayaq üstə yarışlarında Paralimpiya bayrağı altında çıxış edən rusiyalı Yekaterina Rumyantseva 17 dəqiqə 6 saniyə nəticə ilə fərqlənib. Digər rusiyalı atlet Anna Milenina ikinci, Ukrayna idmançısı Ludmila Liaşenko isə üçüncü yerdə qərarlaşıblar.

Kişilərin 7,5 kilometr məsafəyə ayaq üstə yarışlarında fransalı Benjamin Daviet 17 dəqiqə 56 saniyəlik göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kanadalı Mark Arendz və ukraynalı İqor Reptyuk ilk üçlüyü tamamlayıblar.

Görmə qabiliyyəti zəif qadınların 6 kilometr məsafəyə mübarizəsində rusiyalı atlet Mixalina Lisova 18 dəqiqə 48 saniyə göstərici ilə Paralimpiya çempionu olub. Ukraynalı Oksana Şişkova gümüş, Belarus paralimpiyaçısı Svetlana Saxanenko isə bürünc medal qazanıblar.

Görmə qabiliyyəti zəif kişilərin 7,5 kilometr məsafəyə yarışlarında ukraynalı Vitali Lukyanenko 19 dəqiqə 51 saniyə nəticə ilə qızıl medal əldə edib. Belaruslu Yuri Xolub ikinci, Ukrayna atleti Anatoli Kovalevski isə üçüncü pillədə yer alıblar.

“Ağ Paralimpiada”da ikinci gününün yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderlik edir. Bu ölkənin hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. Ümumilikdə 15 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Fransa və Rusiya 2 qızıl, 1 gümüş medalla ikinci və üçüncü pilləni bölüşürlər. Ukrayna (1-1-3) dördüncü, Kanada (1-1-2) isə beşinci pillədə qərarlaşıb.

Xəbər 979 dəfə oxundu.