Azərbaycan Premyer Liqası: “Qəbələ” səfərdə “Kəpəz”i məğlub edib
Martın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna start verilib.

Turun açılış matçında çempionatda ikinci pillədəki “Qəbələ” səfərdə sonuncu yerin sahibi “Kəpəz”in qonağı olub. Gəncə şəhər stadionunda keçirilmiş görüş 1:0 hesabı ilə “Qəbələ”nin xeyrinə başa çatıb. Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi matçda yeganə qolu görüşün 66-cı dəqiqəsində Filip Ozobiç vurub.

Bu qarşılaşmadan sonra “Qəbələ” xallarının sayını 38-ə çatdıraraq ikinci pillədəki mövqeyini möhkəmləndirib.

İndiyədək “Kəpəz” və “Qəbələ” komandaları Premyer Liqada 18 dəfə görüşüblər. Bunların altısında “Kəpəz”, yeddisində isə “Qəbələ” qələbə qazanıb. Beş oyunda isə qalib müəyyənləşməyib.

Bu gün keçiriləcək digər qarşılaşmada “Neftçi” və “Keşlə” klubları “Bakcell Arena”da üz-üzə gələcəklər.

Hazırda turnir cədvəlinə 45 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 38 xalla ikinci, “Zirə” 32 xalla üçüncü, “Sumqayıt” 28 xalla dördüncü, “Neftçi” 23 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (17 xal), “Keşlə” (15 xal) və “Kəpəz” (10 xal) qərarlaşıb.

Xəbər 724 dəfə oxundu.