Azərbaycanın futbol komandası parlament komandalararası beynəlxalq turnirinə qələbə ilə başlayıb
Martın 9-da Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.

“İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Oyuna fəal başlayan Azərbaycan komandası rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıblar. Görüşdə hesab 28-ci dəqiqədə açılıb. Azərbaycan komandasının heyətində Emin İmanov fərqlənib. İlk hissəsə komandamızın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissəyə daha fəal başlayan Azərbaycan komandasının üzvü Musa Qurbanov 38-ci dəqiqədə ikinci topu rəqib qapısından keçirib. Matçın 48-ci dəqiqəsində Emin İmanov dubl edərək komandamızın qələbəsini rəsmiləşdirib.

Beləliklə, görüş 3:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb.

Turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.

Yarışın “A” qrupunda Azərbaycan və Latviya, “B” qrupunda Polşa və Türkiyə komandaları yer alıblar. Ukrayna komandası isə birbaşa yarımfinala vəsiqə qazanıb. “B” qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna kollektivi ilə qarşılaşacaq. “A” qrupunun qalibi isə birbaşa finala yüksələcək.

Günün ikinci oyununda Polşa və Türkiyə komandaları üz-üzə gələcəklər.

Xəbər 618 dəfə oxundu.