Bakının lehinə 494 min nəfər imza toplanıb
“2011-ci il dekabrın sonlarında Azərbaycanda aparılmış sorğuya qatılanların 95 faizi Bakı şəhərini 2020-ci il Yay Olimpiya Oyunlarına iddiaçı kimi dəstəkləmişdilər. Hazırda aparılan imzatoplama kampaniyasının gedişi isə həmin sorğudakı reallığı əks etdirir”.

İdman.com.az saytının xəbərinə görə, bunu “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva deyib. O, bu gün Milli Olimpiya Komitəsində keçirdiyi brifinqdə bildirib ki, hələ də ölkəmizdə davam edən kampaniya nəticəsində iddiaçı şəhər kimi Bakının lehinə 494 min nəfər imza toplanıb. İmzaların 111 mini Bakının, qalanları isə bölgələrin payına düşür.

Nurullayeva Bakı-2020-nin sosial şəbəkələrdə də aktivliyini vurğulayıb. Onun sözünə görə, “Facebook”da 50 mindən çox insan paytaxtımızı dəstəkləyir. Hazırda sosial şəbəkələrdə iddiaçı şəhərlərdən Bakı və Madrid (İspaniya) irəlidədir: “Bizi dəstəkləyən hər kəsə təşəkkür edir və hamını səs verməyə çağırırıq”.

Xəbər 935 dəfə oxundu.