Həndbol üzrə Azərbaycan kuboku turnirinin finalçıları məlum olub
Martın 6-da həndbol üzrə Azərbaycan kuboku uğrunda yarımfinal görüşləri keçirilib.

Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, yarımfinal mərhələsinin cavab görüşləri gözlənildiyi kimi maraqlı mübarizə şəraitində keçib. Qadın həndbolçuların mübarizəsində "Azərsu" komandası "İdman Akademiyası"na 37:22, "Nur" kollektivi "Qarabağ"a 31:22 hesabı ilə qalib gəlib.

Kişi həndbolçuların yarışında isə "Məhsul" "Təhsil" komandasını 33:31, "Bakı" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərini 37:25 hesabı ilə məğlub edib. Beləliklə, yarımfinal mərhələsinin oyunlarının nəticəsinə əsasən, finalda "Azərsu" "Nur"la, "Məhsul" isə "Bakı" ilə qarşılaşacaq.

Xatırladaq ki, final qarşılaşmaları martın 7-də keçiriləcək.

Xəbər 1359 dəfə oxundu.