Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə idman ictimaiyyətinin nümayəndələrinə təbriklərini çatdırıb. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinin ölkəmizin idman tarixində əlamətdar hadisə olduğunu bildirən nazir müstəqil Azərbaycanda uğurlu idman strategiyasının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda bu strategiya dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı gələcəkdə bu sahədə yeni qələbələrə zəmin yaradır.

Sonra Azad Rəhimov Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, basketbol üzrə Əməkdar Məşqçi Elxan Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edib.

E.Əliyev onun fəaliyyətinə verilən qiymətə görə minnətdarlığını bildirib.

Daha sonra 16 mütəxəssis Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 8 mütəxəssis respublika dərəcəli hakim, 9 nəfər Əməkdar İdman Ustası, 31 nəfər Əməkdar Məşqçi adı ilə təltif olunub.

Xəbər 1234 dəfə oxundu.