Bakıda keçirilən futtennis üzrə beynəlxalq turnirə yekun vurulub
Azərbaycan Futnet Federasiyasının (AFNF) təşkilatçılığı ilə Bakıda futtennis üzrə beynəlxalq turnir keçirilib.

Turnirdə Azərbaycan, Somali, Rusiya, İran, və Ukrayna komandaları iştirak ediblər.

“Marafon” idman klubunda dairəvi sistem üzrə keçirilən yarışda inamlı təsir bağışlayan “Azərbaycan-1” komandası ilk görüşdə İrana 2:1 hesabı ilə qalib gəlib. Gözəl çıxışı ilə hər kəsin diqqətini cəlb edən Ukrayna millisi isə ilk matçda Somaliyə heç bir şans verməyib – 2:0. İlk turda “Azərbaycan-2” yığması da qələbə qazanıb. İdmançılarımız Rusiyadan üstün olublar - 2:0.

Beynəlxalq futtennis turnirinin qalibi adı uğrunda iki komanda – “Azərbaycan-1” və Ukrayna üz-üzə gəlib. Finaladək bütün oyunlarda qalib gələn Rəvan Abdullayev, Amid Nəzərov və Fəyar Hüseynovdan ibarət “Azərbaycan-1” yığmasının triosu ukraynalılarla mübarizədən məğlub ayrılıb – 0:2.

Beləliklə, yarışın favoriti hesab edilən Ukrayna yığması bu statusunu doğruldaraq Bakıdakı ilk futtennis üzrə beynəlxalq turnirin qızıl medallarını qazanıblar.

Qaliblərə Azərbaycan Futnet Federasiyası tərəfindən kubok, medallar və qiymətli hədiyyələr təqdim edilib. Futtennisçilərin mübarizəsində 2-ci və 3-cü olan, “Azərbaycan-1” və İran yığmalarının üzvlərinə də mükafatlar verilib.

Xəbər 957 dəfə oxundu.