Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin ötənilki fəaliyyəti yüksək qiymətləndirilib
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 2-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində (DGK İSM) tədbir keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, DGK İSM-in baş direktoru Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fərid Mansurov, Dövlət Gömrük Komitəsi Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimov və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev çıxış ediblər.

Çıxışlarda tədbir iştirakçılarına Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbriklər çatdırılıb.

Qeyd olunub ki, bu tarix Azərbaycan Prezidenti İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd olunur. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd edilməsi təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. Ümummilli lider İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Diqqətə çatdırılıb ki, İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırıb. Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini deyən çıxışçılar qeyd ediblər ki, dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb.

Sonra 2001-ci ildən fəaliyyət göstərən Mərkəzin fəaliyyəti barədə hesabat dinlənilib.

Qeyd olunub ki, DGK İSM-in nəzdində fəaliyyət göstərən “Gömrükçü” İdman Klubunda 23 idman növü üzrə 540 idmançı 22 məşqçi-müəllimin rəhbərliyi altında idmanın sirlərinə yiyələnir. İdman növlərindən 11-i Olimpiya, 12-si qeyri-Olimpiya idman növüdür. Hazırda klubda Olimpiya idman növlərindən boks, sərbəst güləş, yunan-Roma güləşi, taekvondo, cüdo, üzgüçülük, stend atıcılığı, idman dırmanması, karatenin WKF növü, futbol, qeyri-Olimpiya idman növlərindən isə kikboksinq, çerlidinq, kempo-karate və kobudo, kik-cutsi, uşu-sanda, muay-tay, pauerliftinq, kontakt-karate, budo, şaolin döyüş sənəti və şahmat üzrə idmançılar yetişdirilir. Klubda 9-u Əməkdar Məşqçi, 4-ü Fəxri Bədən Tərbiyəsi Və İdman İşçisi çalışır.

Bildirilib ki, klubun təmsilçiləri IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edərək yüngül atletika, taekvondo və zorxana idman növlərində 2 qızıl və 2 gümüş medal qazanıblar. Taekvondoçu Patimat Abakarova qızıl, atlet Rahib Məmmədov gümüş medala layiq görülüblər. Zorxana idman növündə Rüfət Güləliyev şəxsi birincilikdə qızıl medal, komanda hesabında gümüş medala sahib olub.

Diqqətə çatdırılıb ki, 2017-ci ildə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin rəhbərliyi altında “Gömrükçü” İdman Klubu bir sıra açıq birincilik və çempionatlar təşkil edib. Ötən il ərzində 11 idman növü üzrə 116 qızıl, 75 gümüş və 100 bürünc (ümumilikdə 291medal) qazanılıb.

Mərkəzin fəaliyyətə başladığı 2001-ci ildən indiyədək idmançılar Olimpiya oyunlarında 4 bürünc medal, IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl, 2 gümüş, dünya çempionatı və birinciliklərində 70, Avropa çempionatları və birinciliklərində 76, beynəlxalq turnirlərdə 400, Azərbaycan çempionatı və birinciliklərində 764 medal əldə ediblər.

Tədbirin sonunda 2017-ci ilin yekunlarına əsasən, mötəbər yarışlarda fərqlənmiş idmançılar və onların məşqçiləri DGK İSM tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Mərkəzin ötənilki uğurlarını geniş işıqlandırdıqlarına görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) müxbiri Səxavət Quliyev və fotomüxbiri İlqar Cəfərov diplomla təltif olunublar.

AZƏRTAC

Xəbər 975 dəfə oxundu.