Formula 1 simulyator yarışlarının Horadiz mərhələsinin qalibi məlum olub
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula 1 (F1) çempionatının keçirildiyi növbəti ünvan Horadiz şəhəri olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsi Sevda Cahangirova bildirib ki, layihənin keçirilməsində məqsəd Azərbaycanın bölgələrində gənclər arasında Formula 1 yarışı, yol hərəkəti təhlükəsizliyi və avtomobil idmanı haqqında məlumatlılığı artırmaqdır. Ümumilikdə 6 bölgəni əhatə edən çempionatın ilk mərhələsində hər region üzrə bir qalib seçilir. Qaliblər Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək final mərhələsində yarışacaqlar. Yarışın sonunda qalibə və final mərhələsinin digər iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunacaq.

“Formula 1 Bakı şəhərində keçirildiyi üçün paytaxtda bu yarış haqqında hər kəsin məlumatı var. Layihə bölgələrimizdə yaşayan gənclərin Formula 1 yarışları ilə bağlı məlumatlandırılması ilə yanaşı, eyni zamanda, onların sosial həyatlarına da bir yenilik gətirir”, – deyə S.Cahangirova qeyd edib.

Fevralın 28-də Horadizdə ictimaiyyətə açıq Formula 1 simulyator oyunları və yarışda iştirak edəcək 200 nəfər IX-XI sinif şagirdi üçün yol hərəkəti qaydaları ilə bağlı təlim təşkil olunub.

Texniki universitetin müəllimi, təlimçi Sahib Əsgərov müsahibəsində deyib ki, Azərbaycan Avtomobil Federasiyasının “Yol hərəkəti qaydalarını öyrənək” adlı təlimlərində mövzu ilə bağlı videoçarx göstərilib, məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat verilib. Təlimin sonunda şagirdlərə sertifikatlar təqdim olunub.

Təlim keçmiş şagirdlər martın 1-də Formula 1 simulyator yarışlarına qatılıblar.

Horadiz şəhərinin 1, 2, 3 nömrəli və Əhmədalılar kənd tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin mübarizə apardığı yarışda şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Hüseyn Eyvazov fərqlənib. O, simulyatorda Bakı Şəhər Halqasını 1 dəqiqə 50 saniyəyə (1:50:156) dövrə vuraraq iştirakçılar arasında ən sürətli nəticə göstərib. Bakıda keçiriləcək final mərhələsində yarışmağa vəsiqə qazanan Hüseyn Eyvazova sertifikat təqdim olunub.

Qeyd edək ki, respublikanın bölgələrində fevralın 19-dan başlamış layihə martın 10-dək davam edəcək. Çempionatın mərhələləri indiyədək Lənkəran və Şirvanda keçirilib, bundan sonra isə yarış Mingəçevir, Qax və Qubada təşkil olunacaq.

Xəbər 1109 dəfə oxundu.