Taekvondo üzrə “Sofia Open” turnirində ölkəmizi altı idmançı təmsil edəcək
Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə növbəti beynəlxalq turnir keçiriləcək.

azsport.az Azərbaycan Taekvondo Federasiyasının saytına istinadən xəbər verir ki, “G-1” kateqoriyalı turnirdə iştirak etmək məqsədi ilə Bolqarıstana yollanan gənclərdən ibarət milli komandamız altı idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov “Sofia Open” turnirində gənc idmançılardan Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq) və Cavad Ağayevi (63 kq) sınaqdan keçirəcək. Qızlardan isə Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış martın 3-4-də baş tutacaq və qalib olan idmançı reytinqinə 10 xal əlavə edəcək.

Xəbər 1468 dəfə oxundu.