Azərbaycan Məktəb İdmanı Federasiyasının təqdimat mərasimi keçirilib
Martın 1-də Milli Olimpiya Komitəsində Azərbaycan Məktəb İdmanı Federasiyasının (AMİF) təqdimat mərasimi keçirilib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil nazirinin müavini Firidun Qurbanov, Milli Məclisin deputatı, Azərbaycan Məktəb İdmanı Federasiyasının prezidenti Sevinc Hüseynova, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və digər şəxslər iştirak ediblər.

AMİF-in prezidenti S.Hüseynova tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafından danışıb. O, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin bu gün uğurla həyata keçirildiyini vurğulayıb. Federasiya prezidenti idmanın məktəblərdə geniş tətbiq edilməsinin vacibliyini qeyd edərək deyib ki, AMİF-in yaradılmasının əsas məqsədi məhz budur. 2017-ci ildə təsis edilən Azərbaycan Məktəb İdmanı Federasiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Beynəlxalq Məktəb İdmanı Federasiyası (BMİF) idmanın 43 növünü əhatə edir. Azərbaycanda isə 10-dan çox idman növü AMİF-in proqramına daxildir. S.Hüseynova AMİF-in yaradılmasına və fəaliyyətinə göstərilən dəstəyə görə Gənclər və İdman, Təhsil nazirliklərinə, Milli Olimpiya Komitəsinə minnətdarlığını bildirib.

Sonra Beynəlxalq Məktəb İdmanı Federasiyası (BMİF) ilə bağlı videoçarx nümayiş olunub. Bildirilib ki, BMİF 1972-ci ildə Avropanın 21 ölkəsinin təşəbbüsü ilə təsis edilib. Təşkilatın əsas məqsədi məktəblərdə idmanın və sağlam həyat tərzinin təbliği üçün beynəlxalq yarışların təşkil edilməsidir.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, AMİF Azərbaycanda yaradılan 84-cü idman federasiyasıdır. Federasiyanın fəaliyyətə başladığı gündək uğurlu və səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir deyib: “Qarşıda böyük beynəlxalq yarışlar var. Məktəblilərimiz əvvəlki dövrlərdə belə yarışlarda iştirak ediblər. Onlar bundan sonra AMİF vasitəsilə daha çox turnirə qatılacaq və uğurlar qazanacaqlar. İdmançılarımız məktəb yaşlarından formalaşmağa başlayırlar. AMİF həm məktəblilərimizin sağlam həyat tərzi, həm də gələcək idmançılarımızın yetişməsi üçün vacib funksiya yerinə yetirir. Federasiyasının işinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və digər qurumlarımız fəal dəstək göstərəcəklər. AMİF-ə uğurlar arzulayıram”.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə vurğulayıb ki, idmanın inkişafı hər bir ölkədə məktəb idmanının səviyyəsindən asılıdır. “Azərbaycanda məktəblərdə “Olimpiya hərəkatı” layihəsi həyəta keçirilir. Bu layihədə minlərlə şagird iştirak edib. AMİF-in yaradılması da şagirdlər arasında idmanın inkişafına təkan verəcək. Federasiyanın iş planları digər federasiyalara da bildirilməlidir ki, onlar da qarşıdakı mötəbər yarışlara hazırlaşa bilsinlər. Yeganə amalımız yeniyetmələr və gənclərin sağlam olmaları, məktəblərdə idman dərslərinin yüksək səviyyədə keçirilməsidir. MOK bu işdə hər zaman öz dəstəyini göstərməyə hazırdır”.

Təhsil nazirinin müavini Firudin Qurbanov AMİF-in yaradılmasının ölkəmizin həyatında mühüm ictimai hadisə olduğunu qeyd edib. Azərbaycanda idmanın inkişafına yüksək diqqət və qayğı göstərildiyini vurğulayan nazir müavini AMİF-in uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov AMİF-ə və federasiyanın prezidenti S.Hüseynovaya uğurlar arzulayaraq qurumun yaradılmasının önəmini vurğulayıb. Komitə sədri AMİF-in fəaliyyətinin paytaxtla yanaşı, regionlarda da səmərəli təşkil edilməsinin diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirib.

Xəbər 1757 dəfə oxundu.