Maksim Medvedev: ”Qəbələ”ni hələ ki, uda bilməmişik
“İnter” mübarizəyə üstünlük verən futbol nümayiş etdirir. Müəyyən bir sistemləri var, ondan kənara çıxmırlar. Biz qol vurduqdan sonra daha yaxşı oynamağa başladıq”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.

Klubunun rəsmi saytına açıqlama verən 22 yaşlı müdafiəçi Unibank Premyer Liqasının XXVII turunun “İnter”lə qarşılaşmasında künc zərbəsindən sonra vurduğu qol haqda fikrini açıqlayıb: “Əfran və Raufla qola yaxın olduq. Hər şeyin bitdiyi anda “İnter” hesabı bərabərləşdirdi. Təbii ki, belə çətin oyunda qələbə qazanmaq istəyirdik. Üstəlik, belə məqamda 3 xalı vermək heç yaxşı olmadı. Amma qarşıda 5 oyun var. Kubokun da yarımfinalındayıq. Sona qədər mübarizə aparacağıq”.

Maksim cari mövsüm hücuma qoşulmaları ilə diqqət çəkir. O, bunu baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə izah edir: “Adətən, künc zərbələri zamanı baş məşqçimiz məni arxada saxlayır. Rəqibin mümkün olacaq sürətli hücumlarına görə. Bu oyunda Əfranla Rauf start heyətində olmadığı üçün baş məşqçi matçdan öncə standard vəziyyətlərdə irəli getməyi tapşırmışdı. Qol vurmağımda Telinin sona qədər mübarizə aparmağının da rolu oldu. “Qəbələ”ylə oyun da standart vəziyyətdən penalti qazandırmışdım. Amma harada daha effektli olmağıma baş məşqçi qərar verir. Yaxşı mövqe seçməyimi mənim deməyim düzgün olmaz”.

Müdafiəçi komandasında arxa xətt oyunçularının məhsuldarlığına da toxunub: “Deməzdim ki, hücumçularımız zəifdir. Sadəcə, biz müdafiəçi dördlüyü və öndə oynayan Namiqlə uzun müddətdir birlikdə çıxış edirik. Bu da bizim işimizə yaxşı mənada təsir göstərir. Yaxşı anlaşmamız qapımızı toxunulmaz saxlamağa kömək edir”.

Medvedev qarşıdakı turun “Qəbələ” ilə oyunu haqda da fikirlərini açıqlayıb: “Cari mövsüm artıq 6-cı dəfədir “Qəbələ” ilə qarşılaşacağıq. Amma hələ ki, qələbəmiz yoxdur. Məncə, artıq tilsimi qırmaq zamanıdır. Düzdür, qəbələlilərin hücum xətti olduqca güclüdür. Barton, Mendi, Dodo, Kamanan hər birinin güclü tərəfləri var. Üstəlik, bu “Qəbələ” üçün avrokubok yolunda son şans olduğuna görə oyuna yüksək mötivasiya ilə çıxacaqlar. Amma biz də eyni məqsəd üçün ora yollanacağıq”.

Xəbər 1408 dəfə oxundu.