“Neftçi İdman Klubu”nun güləşçiləri ölkə birinciliyində uğurla çıxış ediblər
Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa çatıb.

Yeniyetmələrin yarışında 2001-2003-cü, gənclərin mübarizəsində isə 1998-2000-ci il təvəllüdlü idmançılar güclərini sınayıblar.

“Neftçi İdman Klubu”nun yeniyetmə güləşçiləri respublika birinciliyinin 10 medalına (3 gümüş, 7 bürünc) yiyələniblər. Medallardan beşini (1 gümüş, 4 bürünc) sərbəst güləşçilər, beşini (2 gümüş, 3 bürünc) isə yunan-Roma güləşçiləri əldə ediblər.

Gənclər arasında təşkil olunan yarışda klubun təmsilçiləri 12 medal (4 qızıl, 2 gümüş, 6 bürünc) qazanıblar. Sərbəst güləşçilərdən 61 kiloqram çəki dərəcəsində mübarizə aparan İntiqam Vəlizadə bütün qaşılaşmalardan qalib ayrılaraq Azərbaycan çempionu adını qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində isə Elşad Məmmədov (60 kq), Kamran Mirzəliyev (63 kq) və Ülvi Qənizadə (72 kq) eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, klubun gənc yunan-Roma güləşçiləri komanda hesabında birinci yeri tutublar.

Xəbər 1602 dəfə oxundu.