Gənc cüdoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Fevralın 22-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində 21 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yarışın açılış mərasimində çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən cüdonun inkişafına göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı federasiya prezidenti Rövnəq Abdullayevin salamlarını iştirakçılara çatdıraraq, onlara uğurlar arzulayıb. E.Babanlı qeyd edib ki, idman və gənclər siyasəti Azərbaycan Prezidentinin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasətinin bu gün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirib. E.Babanlı Azərbaycanda yeniyetmə və gənc idmançılarımın peşəkarlıqlarının artırılması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

Çıxışlardan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Rəsmi hissədən sonra yarışlara start verilib. Turnirdə oğlanların yarışında 55 və 60 kiloqram, qızların mübarizəsində isə bütün çəki dərəcələrində qaliblər müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 64 klubdan 467 gənc cüdoçu mübarizə aparır.

Xəbər 1053 dəfə oxundu.