“Pxençan-2018”: Macarıstan və Yeni Zelandiya ilk medallarını qazanıblar
“Pxençan-2018” Qış Olimpiya Oyunlarının on dördüncü günündə - fevralın 22-də 10 dəst medalın sahibləri müəyyənləşib. Macarıstan ilk medalını qısa-trek, Yeni Zelandiya isə fristayl və snoubord yarışlarında qazanıb.

Dağ xizəkçiliyi yarışlarında atletlər iki dəst medal uğrunda mübarizə aparıblar. Kişilər arasında slalom yarışlarında İsveç xizəkçisi Andre Mürer 1 dəqiqə 38,99 saniyə nəticə ilə qızıl medal qazanıb. İsveçrəli Ramon Zenhaeusern yarışı ikinci, avstriyalı Mixael Matt üçüncü pillədə başa vurublar. Azərbaycan təmsilçisi Patrik Braxner mükafatçılar sırasında yer ala bilməyib.

Kombinləşdirilmiş slalom üzrə qadınların yarışında isveçrəli xizəkçi Mişell Gisin 2 dəqiqə 20,90 saniyə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü ABŞ idmançısı Mikaela Şiffrin və isveçrəli Vendi Holdener tamamlayıblar.

ABŞ-ın qadınlardan ibarət xokkey yığması “Pxençan-2018”in final oyununda Kanada komandasına 3:2 hesabı ilə qalib gələrək Olimpiya çempionu adını qazanıb. Beləliklə, ABŞ yığması tarixində ikinci dəfə (ilk dəfə 1998-ci ildə çempion olub) Olimpiadada xokkey turnirinin qalibi olub. Bundan əvvəlki dörd Olimpiadanın hamısında Kanada komandası qalib gəlmişdi.

Üçüncü yer uğrunda matçda Finlandiya yığması Rusiya komandasına 3:2 hesabı ilə qalib gələrək Olimpiadanın bürünc mükafatçısı olub.

Snoubord üzrə biq-eyr yarışlarında qadınların mübarizəsində Avstriya idmançısı Anna Qasser 185 xalla bütün rəqiblərini qabaqlayıb. ABŞ təmsilçisi Cemi Anderson gümüş, Yeni Zelandiya idmançısı Zoy Sadovski Sinnott bürünc medal əldə ediblər.

Kişilər arasında fristayl üzrə halfpayp yarışlarında ABŞ idmançıları ilk iki pillədə qərarlaşıblar. Devid Vays yarışın qızıl, Aleks Ferreire gümüş medalını əldə ediblər. Yeni Zelandiya atleti Niko Porteous isə yarışı üçüncü yerdə tamamlayıb.

Qısa-trek yarışlarında üç dəst medal sahibini tapıb. Kişilər arasında 500 metr məsafəyə yarışlarda Çin idmançısı Vu Daicinq 39,5 saniyə ilə dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub. İlk üçlüyü Koreya Respublikasından olan atletlər - Daeheon Hvanq və Hyocun Lim tamamlayıblar.

Qadınlar arasında 1000 metr məsafəyə mübarizədə niderlandlı Suzanna Şultinq 1 dəqiqə 29 saniyə nəticə ilə qızıl medala sahib olub. Kanada atleti Kim Boutin yarışı ikinci, italiyalı Arianna Fontana isə üçüncü pillədə başa vurublar. Bu, K.Boutin və A.Fontananın “Pxençan-2018”də qazandığı üçüncü medaldır.

Kişilər arasında 5000 metr məsafəyə komanda yarışlarında Macarıstan millisi 6 dəqiqə 31 saniyə göstərici ilə Olimpiya rekordunu yeniləyərək “Ağ Olimpiada”da ilk medalını qazanıb. Çin yığması ikinci, Kanada atletləri isə üçüncü olublar.

Qadınlar arasında biatlon üzrə 6 kilometr məsafəyə estafet yarışlarında Belarus komandası 1 saat 12 dəqiqə 3 saniyə ilə Olimpiya çempionu adını qazanıb. İsveç ikinci, Fransa isə üçüncü yeri tutub.

Xizəkçilik idmanı üzrə ikinövçülük yarışında komanda hesabında Almaniya millisi 46 dəqiqə nəticə ilə qızıl medala sahib olub. Norveç xizəkçiləri yarışı ikinci, avstriyalı idmançılar isə üçüncü pillədə tamamlayıblar.

Beləliklə, “Ağ Olimpiada”da on dördüncü gününün yekunlarına görə, Norveç millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 13 qızıl, 12 gümüş və 10 bürünc medal var. Almaniya (13-7-5) ikinci, Kanada (9-7-8) üçüncü, ABŞ (8-7-6) dördüncü, Niderland (7-6-4) isə beşinci pillədə qərarlaşıb. Ümumilikdə 29 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Xəbər 527 dəfə oxundu.