Beynəlxalq turnirlərdə uğurla çıxış edən taekvondoçular və karateçilər ilə görüş keçirilib
İstanbulda taekvondo üzrə klublararası Avropa çempionatında və Dubayda “Karate 1” Premyer Liqa turnirində uğurla çıxış edən idmançılarla fevralın 20-də Gənclər və İdman Nazirliyində görüş keçirilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov, baş katib Mirhəsən Seyidov, taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov və idmançılar iştirak ediblər.

İdmançıları qazanılan nəticələrə görə təbrik edən F.Mansurov bildirib ki, “Karate 1” Premyer Liqa turnirində əldə olunan parlaq nailiyyət Azərbaycan idmanının sürətli inkişafını bir daha nümayiş etdirdi. Bu uğurun əldə olunmasında Azərbaycan Milli Karate Federasiyasının səmərəli fəaliyyətini xüsusi qeyd edən F.Mansurov qurumun strukturunda baş verən dəyişikliklərə və yeni təyinatlara görə təbriklərini çatdırıb. İdman karatesinin 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramına daxil edildiyini xatırladan nazirliyin şöbə müdiri Olimpiadada Azərbaycan karateçilərinin millimizin aktivinə medallar yazdıracaqlarına əminliyini bildirib.

Taekvondoçuların İstanbuldakı Avropa çempionatında uğurlu çıxışlarını qeyd edən şöbə müdiri gənc idmançıların Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına daha çox lisenziyalar qazanacaqlarına əminliyini ifadə edib. F.Mansurov qazanılan nailiyyətlərə görə həm karateçilərə, həm də taekvondoçulara bir daha təbriklərini çatdırıb, onlara uğurlar diləyib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Y.Bəşirov bildirib ki, əsas məqsəd idmanın zirvəsi olan Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır. O, karateçilərin qarşıdakı dünya çempionatında Tokio Olimpiadasına lisenziya qazanıb Azərbaycanı yüksək səviyyədə təmsil etməyə çalışacaqlarını qeyd edib. Bildirib ki, dünyada 5 dəfə dünya, 12 dəfə Avropa çempionu olan yeganə idmançı Rəfael Ağayevdir. O, qatıldığı bütün beynəlxalq yarışlarda Azərbaycanı yüksək səviyyədə təmsil edir. Qarşıda karateçilərimizi Avropa və dünya çempionatları gözləyir. Karateçilərimizin həmin turnirlərdə də uğurla çıxış edib medallar qazanacaqlarına əminəm.

AMKF-in vitse-prezidenti Fərid Əsgərov, baş katib Mirhəsən Seyidov çıxışlarında Azərbaycanda idmanın sürətli inkişafının, əldə olunan nailiyyətlərin əsasında Prezident İlham Əliyevin bu sahəyə yüksək diqqət və qayğısının dayandığını bildiriblər. Qeyd olunub ki, dövlətimizin başçısının diqqət və qayğısı, federasiya rəhbərliyi tərəfindən yaradılan şərait idmançılarımızı yeni qələbələrə ruhlandırır.

Dubay “Karate 1” Premyer Liqa turnirində 75 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Rəfael Ağayev və bürünc mükafatçı Nuranə Əliyeva xalqımıza medal sevinci yaşatdıqlarına görə məmnunluqlarını bildiriblər. İdmançılar əsas hədəflərinin Azərbaycana Olimpiya medalı qazandırmaq olduğunu vurğulayıblar.

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov çıxışlarında bu il Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına daha çox lisenziyanın qazanılmasını qarşıda duran əsas hədəf olduğunu bildiriblər.

Sonda idmançılar və məşqçilər jurnalistlərin suallarını cavablandırıblar.

Xatırladaq ki, İstanbulda taekvondo üzrə klublararası Avropa çempionatında gənclərdən ibarət Azərbaycan yığmasının 17 üzvü mübarizə aparıb. Onlardan 11-i fəxri kürsüdə yer alıb. Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) qızıl, Xanoğlan Kərimov (48 kq), Ayaz Qənbərli (51 kq), Ofeliya Allahverdiyeva (42 kq) gümüş, Fatimə Həsənova (33 kq), Nihad Abbasov (45 kq), Bəhruz Quluzadə (48 kq) və Yaşar Məmmədli (51 kq) isə bürünc medal qazanıblar.

Dubayda təşkil olunan “Karate 1” Premyer Liqa turnirində isə Rəfael Ağayev (75 kq) qızıl, Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) isə bürünc medala sahib olublar.

Xəbər 1534 dəfə oxundu.