Heydər Məmmədəliyev Azərbaycan Güləş Federasiyasının fəxri diplomu ilə təltif edilib
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan güləş məktəbinin yetirməsi Heydər Məmmədəliyevin şərəfinə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Yubiley xarakterli turnirdə AGF adından yunan-Roma güləşi üzrə yığma komandanın məşqçiləri Rövşən Bayramov və İlqar Abdulov, həmçinin Avropa çempionu Vitali Rəhimov da qonaq qismində iştirak ediblər.

Turnirin rəsmi açılış mərasimində çıxış edən İlqar Adbulov AGF-in prezidentinin və Azərbaycan güləş ictimaiyyətinin adından səbəbkarı təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yekaterinburqda Azərbaycanın diaspor fəaliyyətinin həyata keçirilməsində, ölkəmizin güləşçilərinin nailiyyətlərinin təbliğində uzunmüddətli və peşəkar fəaliyyətinə, yeniyetmə və gənc nəslin güləşə marağının artırılmasında əvəzsiz xidmətlərinə görə, H.Məmmədəliyev AGF-in fəxri diplomu ilə təltif olunub və ona xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, H.Məmmədəliyev dəfələrlə Azərbaycan və Rusiya çempionu, Rusiya yığmasının tərkibində Olimpiya mükafatçısı (2004-cü il) və dünya çempionu (2002-ci il) olub.

AZƏRTAC

Xəbər 1141 dəfə oxundu.