Batut gimnastikası üzrə 26-cı Avropa çempionatının püşkü atılıb
Fevralın 19-da Azərbaycan Gimnastika Federasiyasının (AGF) ofisində Bakıda ilk dəfə keçiriləcək batut gimnastikası, tamblinq və ikili minibatut üzrə 26-cı Avropa çempionatının püşkü atılıb.

Püşkatma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov, UEG-in batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman və komitənin üzvləri Babet Van Veterinq, İrina Karavayeva, Luiş Nunes, Patrik Ziqfred, Mariela Stoyçeva və Konrad Bojakovski, eləcə də AGF rəsmiləri, yerli təşkilat komitəsinin üzvləri iştirak ediblər.

Püşkatmanın qaydaları barədə məlumat verən V.Zeman qeyd edib ki, böyüklər və gənclər arasında çempionatın püşkü qadınlar və kişilər arasında fərdi batut, sinxron batut, tamblinq və ikili minibatut kateqoriyaları üzrə atılacaq. Püşkatma zamanı ölkələr 2016-cı ildə təşkil edilmiş Avropa çempionatında komanda hesabı üzrə nəticələrə əsasən qruplara bölünəcəklər. Bundan sonra komanda ilə təmsil olunan yeni ölkələr və yalnız fərdi çıxış edən gimnastlar əlavə olunacaqlar.

Ölkələrin adları və onların çıxış edəcəkləri qruplar texniki komitənin üzvü, batut gimnastikası üzrə qadınlar arasında ilk Olimpiya çempionu İrina Karavayeva tərəfindən səsləndirilib.

UEG texniki komitəsinin üzvləri püşkatma mərasiminin keçirilməsi, həmçinin yarışların təşkili üzrə yerli təşkilat komitəsi ilə müzakirələrin aparılması, o cümlədən yarış zalının çempionata hazırlığının yoxlanılması məqsədilə artıq iki gündür Bakıda səfərdədirlər.

Çempionatda böyüklər arasında yarışlarda 25, gənclər proqramında isə 26 ölkədən ümumilikdə 700-ə yaxın gimnastın iştirakı gözlənilir.

Aprelin 12-15-də təşkil olunacaq Avropa çempionatı gənc gimnastlar üçün 2018-ci ildə Buenos-Ayresdə keçiriləcək yeniyetmələr arasında Olimpiya Oyunlarına, böyük gimnastlar üçün isə 2019-cu ildə Minskdə baş tutacaq II Avropa Oyunlarına təsnifat xarakteri daşıyır.

Xəbər 1098 dəfə oxundu.