Futbol üzrə İspaniya La Liqasının XXIV turunda "Barselona" və "Real Madrid" klubları qələbə qazanıb
Futbol üzrə İspaniya La Liqasının XXIV turunda lider "Barselona" səfərdə "Eibar"ın qonağı olub.

Matçda hesabı qonaqlar açıblar. Görüşün 16-cı dəqiqəsində Luis Suares fərqlənib. İlk hissə bu hesabla da başa çatıb.

Fasilədən sonra "Eibar"ın hücumçusu Fabian Orellana etdiyi qayda pozuntusuna görə ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub. Təzyiqi artıran Kataloniya təmsilçiləri oyunun 88-ci dəqiqəsində Jordi Albanın qolu ilə hesab arasındakı fərqi iki topa çatdırıblar.

Beləliklə matç "Barselona"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həftənin qarşılaşmasında isə "Atletiko Madrid" klubu doğma meydanda "Atletik Bilbao"nu məğlub edib. Görüşün 67-ci dəqiqəsində Kevin Gameiro oyunda hesabı açıb. Qarşılaşmanın 80-ci dəqiqədə Dieqo Kosta komandasının ikinci qolunu vurub - 2:0. Oyun bu hesabla da bitib.

Turun maraqla gözlənilən matçlarından biridə "Real Betis" və "Real Madrid" klubları arasında olub. Matçda hesab 11-ci dəqiqədə açılıb. Kral klubunun yarımmüdafiəçisi Marko Asensio hədəfi dəqiq nişan alıb. Görüşün 33-cü dəqiqəsində Aissa Mandi meydan sahiblərinin bərabərlik qolunu vurub. İlk hissənin 37-ci dəqiqəsində müdafiəçi Fernandez vurduğu avtoqol ilə "Betis" hesabda önə çıxıb -2:1. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Oyunun 50-ci dəqiqəsində Serxio Ramos hesabı bərabərləşdirib. Bu qoldan yeddi dəqiqə sonra M.Asensio komandasını hesabda önə çıxarıb. Görüşün 66-cı dəqiqəsində Kriştianu Ronaldu hesab arasındakı fərqi bir qədərdə artırıb - 2:4.

"Betis"in hücumçusu Serxio Leon 85-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirib - 3:4. Matçın əsas vaxtının son dəqiqəsində Kərim Benzema komandasının beşinci qoluna imza atıb.

Beləliklə oyun "Real Madrid"in 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 994 dəfə oxundu.