Azərbaycan Premyer Liqası: "Qəbələ" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib
Fevralın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start verilib.

Turun ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən oyunda hesabı qonaq komanda açıb. Matçın 39-cu dəqiqəsində Alexandr Dedov “Zirə”ni hesabda önə çıxarıb – 0:1. Birinci hissə bu hesabla başa çatıb.

Matçın 55-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Stiven Monroz hesabda tarazlığı bərpa edib. Qarşılaşmanın 64-cü dəqiqəsində “Qəbələ” ikinci topu qonaqların qapısından keçirib. Baqali Dabo adını tabloya yazdırıb – 2:1.

Beləliklə, görüş “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Qəbələ” 35 xalla ikinci pillədə yerini möhkəmləndirib. “Zirə” klubu isə 31 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.


Xəbər 1020 dəfə oxundu.