“Araz” və “Marafon” futzal klubları Yüksək Liqada növbəti qələbələrini qazanıblar
Bu gün futzal üzrə Yüksək Liqada XV turun iki oyunu keçirilib.

Qış fasiləsindən sonra ilk duel əzəli rəqiblər arasında baş tutub. Lider “Araz” ilk üçlükdə yer alan EKOL klubu ilə üz-üzə gəlib.

Turnir cədvəlinə başçılıq edən komanda hesabı birinci hissənin son dəqiqəsində Bolinyanın qolu ilə açıb.

İkinci hissəyə də fəal başlayan “Araz” hesabı arasındakı fərqi artırıb. Eduardo yaranmış fürsətdən maksimum yararlanıb. Oyunun sonlarına az qalmış Ramiz Çovdarov üçüncü qolu vurub.

Beləliklə, görüş “Araz”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci oyununda “Marafon” klubu “İD.Futsal” komandası ilə qarşılaşıb. Görüşün taleyini cəmi bir qol həll edib. Matçın 10-cu dəqiqədə Omid “Marafon” klubuna qələbə gətirən qola imza atıb – 1:0.

Beləliklə, turnir cədvəlinə 37 xalla “Araz” futzalçıları başçılıq edirlər. “Marafon” klubu 30 xalla ikinci, EKOL isə 22 xalla turnir cədvəlində üçüncü pillədədir.

Qeyd edək ki, “Neftçi”–“Yasamal” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.

Xəbər 590 dəfə oxundu.