Tonqa atleti özünün üçüncü Olimpiadasına su idman növündə çıxacaq
Tonqa Krallığını təmsil edən idmançı Pita Taufatofua etiraf edib ki, öz idman karyerasında üçüncü Olimpiadada fərqli - su idman növündə iştirak etmək istəyir. O, “Rio-2016”nın açılış mərasimində Tonqa bayrağını çılpaq və bədəni yağlanmış vəziyyətdə dalğalandıraraq bütün dünyanın diqqətini cəlb etmişdi. Braziliyada keçirilən Olimpiadada idmançı taekvondo üzrə yarışlarda iştirak etmiş və ilk raundda mübarizəni dayandırmışdı.

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının açılış mərasimində Taufatofua 2016-cı ildəki şounu təkrar göstərib. Krallığın yeganə təmsilçisi olan idmançı Koreyada xizək yarışlarında iştirak edəcək.

Otuz dörd yaşlı tonqalı atlet deyib: “Hələ ki, tam qərara gəlməmişəm, amma yeniliyə ehtiyacım var. İdman növlərinə gəldikdə, bundan sonra özümü su idman növlərindən birində sınamaq istəyirəm”.

“Bu yol (“Pxençan-2018”ə) həyatımda ən mürəkkəbi olub. “Rio-2016”dan sonra mənə yenilik lazım idi. Uzun məsafələr və qar haqqında heç bir məlumatım yox idi. Mən xizək sürməyi öyrəndim və Tonqa üçün ikinci dəfə Olimpiadada iştirak etmək məqsədini qarşıma qoydum. Qarın üzərində bir neçə həftə xizək sürmüşəm və tras imkan verərsə, daha çox sürəcəyəm”, - deyə idmançı vurğulayıb.

Xəbər 1214 dəfə oxundu.