Daxili İşlər Nazirliyinin idmançı polisləri yerli və beynəlxalq yarışlarda uğurla çıxış edirlər
Daxili işlər orqanlarında idmanın inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan idmanının dünya miqyasında təşkil olunan beynəlxalq yarışlarda tanınması üçün daxili işlər orqanlarının əməkdaşları əllərindən gələni əsirgəmirlər. Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən İdman Cəmiyyətinə, həmçinin idmançı əməkdaşlara göstərilən həssas münasibət, yüksək diqqət və qayğı, yaradılan şərait polis idmançılarımızı yeni-yeni zirvələr fəth etməyə sövq edir.

Beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən, adı ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılmış, əldə etdikləri nailiyyətlərlə daim bayrağımızı dalğalandıran və himnimizi səsləndirən idmançı polis əməkdaşlarının sayı yüzlərlədir. Onların amalı getdikləri ölkələrdə bayrağımızı ucaltmaq, himnimizi səsləndirmək, ölkəmizi dünyada tanıtmaqdır.

2017-ci ildə daxili işlər orqanlarında xidmət edən 150-yə yaxın əməkdaş tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda qazanılmış 43 medaldan 32-si ölkənin milli komandalarının tərkibində beynəlxalq arenalarda, Avropa və dünya çempionatlarında əldə olunub.

Ümumiyyətlə, ötən il DİN-in İdman Cəmiyyətinin təmsilçiləri tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda 231 medal qazanılıb. Onların 73-ü qızıl, 65-i gümüş, 93-ü bürüncdür. Medalların 64-ü yeniyetmələrin, 47-si gənclərin, 120-si isə böyüklərin payına düşür. Habelə 96-sı beynəlxalq miqyaslı, 135-i isə ölkə birincilik və çempionatlarında qazanılıb.

Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (RPİ DYP) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev gənc idman növlərindən sayılan qrapplinqlə məşğul olur. Bir neçə uğurlara imza atan polis zabiti sonuncu dəfə ötən il Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

DİN-in Bakı Şəhər BPİ DYPİ-nin YPX Alayının baş inspektoru, polis mayoru, Əməkdar İdman Ustası Həsən Əliyev isə idmanın cui-citsu növü üzrə dəfələrlə respublika çempionu olub. O, beynəlxalq turnirlərin qalibi, Avropa və dünya çempionudur.

Binəqədi RPİ-nin müstəntiqi, polis mayoru Eldar Abdullayev də idmanın ciu-citsu və əlbəyaxa döyüş növləri üzrə dəfələrlə dünya və Avropa çempionu adını qazanıb. Polis zabiti güc strukturları arasında keçirilən yarışların da qalibidir.

İdman ustası Hikmət Cəbiyev DİN-in Əlahiddə Çevik Polis Alayının taqım komandiri, polis kapitanıdır. İdmanın cüdo və cui-citsu növləri ilə məşğul olur. İki dəfə respublika çempionu adını qazanan H.Cəbiyev dəfələrlə beynəlxalq yarışlarda, ölkə çempionatlarında, polislər arasında keçirilən turnirlərdə fərqlənib, yüksək mükafatlar qazanıb.

İdmanın kombat-ciu-citsi və əlbəyaxa döyüş üzrə məşğul olan daha bir idmançı polis kapitanı Qasım Rəcəbovdur.

DİN-in İdman Cəmiyyətinin idman təlimi şöbəsinin inspektoru, polis baş leytenantı idman ustası Elşən İbişov cüdo, sambo və cui-citsu növü ilə məşğul olur. Sambo üzrə Avropa çempionatının bürünc medalçısı E.İbişov əlbəyaxa döyüş üzrə dünya çempionatında da həmin nəticəni göstərib. O, cüdo üzrə dünya oyunlarında iki dəfə gümüş medalın sahibi olub. Həmçinin cüdo üzrə polislər arasında dünya çempionatında qızıl medal qazanıb.

Qusar RPŞ-nin PPX komandiri, polis leytenantı idman ustası, II Dan qara kəmər sahibi Ramik Nəzərov taekvando üzrə dəfələrlə respublika çempionu olub. Beynəlxalq turnirlərin qalibi olan təmsilçimiz İsveç kubokunun da sahibidir.

DİN-in İdman Cəmiyyətinin fiziki hazırlıq şöbəsinin inspektoru, idman ustası, polis leytenantı Kamran Məmmədov yunan-Roma güləşi üzrə gənclər arasında dünya çempionatının qalibidir. Ölkəmizdə keçirilən I Avropa oyunlarının iştirakçısıdır. IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Bakı şəhər BPİ Səbail RPİ 39-cu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Tunc Abbas kikboksinq üzrə Gənclər arasında dünya çempionudur. Həmçinin dörd dəfə respublika çempionatında baş mükafata sahib olub.

DİN-in İdman Cəmiyyətinin maliyyə şöbəsinin inspektoru, polis leytenantı Rəvan Qasımlı cüdo üzrə Bakı birincisidir.

DİN-in İdman Cəmiyyətinin idmanın təşkili bölməsinin əməkdaşı, polis baş serjantı, Əməkdar Məşqçi Hikmət Hacıyev kikboksinq üzrə gənclər və yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisidir. Onun yetirmələri də hər zaman yarışlardan qalib ayrılırlar. H.Hacıyev əlbəyaxa döyüş üzrə dördqat DİN çempionudur.

Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin polis nəfəri, polis serjantı Anar Kərimov full kontakt-kikboksinq üzrə respublika çempionudur. O, dünya kubokunun sahibi, beynəlxalq turnirlərin qalibi və Avrasiya çempionudur.

DİN-in Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Nuriyyə Axundova cüdo üzrə dəfələrlə respublika çempionatlarının mükafatçısı olub. Beynəlxalq yarışlardan yüksək nəticələrlə qazanıb.

DİN-in Əlahiddə Çevik Polis Alayının Xüsusi Təyinatlı 2-ci taborunun 1-ci bölüyünün polis nəfəri, polis serjantı Sübhan Dadaşov idmanın boks növündə bir sıra nailiyyətlər əldə edib. O, muay-tay və uşu-sanda üzrə üçqat Azərbaycan çempionu, boks üzrə respublika üçüncüsü və Avrasiya çempionudur.

DİN-in Əlahiddə Çevik Polis Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı Mirağa Quliyev kikboksinq üzrə ölkə çempionatında üç dəfə bürünc medal qazanıb.

Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis baş serjantı Azər Fətullayev cüdo üzrə respublika çempionu, beynəlxalq yarışların qalibidir.

Baş Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Adil Hüseynov yunan-Roma güləşi üzrə ölkə və beynəlxalq turnirlərdə dəfələrlə qızıl medal qazanıb.

DİN Daxili Qoşunların əsgəri Emil Möhsümzadə idman ustasıdır. İdmanın kikboksinq növü ilə məşğul olur, yeddiqat respublika çempionudur. O, gənclər arasında keçirilmiş dünya və Avropa çempionu adını qazanıb, altı il ardıcıl ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə kubokun sahibi olub.

Kikboksinqlə məşğul olan Anar Məmmədov isə gənclər arasında dünya çempionu və Avropa ikincisidir. O, altı dəfə respublika çempionu olub və peşəkar kəmər sahibidir.

DİN Daxili Qoşunların əsgəri Zöhrab Əzimov idman karyerası ərzində ölkə çempionatlarında 12 dəfə baş mükafata layiq görülüb. Həm gənclər həm də böyüklər arasında Avropa çempionu olub. Gənclər üzrə keçirilən dünya çempionatını isə ikinciliklə başa vurub. Kikboksinq üzrə peşəkar kəmər sahibi, idman ustasıdır.

AZƏRTAC

Xəbər 1305 dəfə oxundu.