Azərbaycan Milli Karate Federasiyasının iclasında milli komandanın məşqçi heyətinə yeni təyinatlar olub
Fevralın 13-də Azərbaycan Milli Karate Federasiyasında (AMKF) idarə heyətinin və böyüklərdən ibarət milli komandaların üzvlərinin, məşqçilərin iştirakı ilə iclas keçirilib.

İclasda gündəlikdəki məsələlər barədə müzakirələr aparıldıqdan sonra müvafiq qərarlar qəbul edilib, böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub.

AMKF-nin idarə heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət seçmə komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edəcək. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov isə baş məşqçinin köməkçiləri təyin olunublar. Qadınlardan ibarət milli komandanın baş məşqçisi səlahiyyətlərini yeniyetmə və gənclər üzrə baş məşqçi Anar Allahverdiyev icra edəcək.

Bu barədə qərarlar federasiya rəhbərliyinin milli komandanın məşqçi və idmançı heyəti ilə görüşündə elan olunub.

Federasiya prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, Baş katib Mirhəsən Seyidov, idarə heyətinin üzvü Fizuli Musayev yeni təyinatlarla bağlı məşqçilər heyətini və milli komandanın üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıblar. Federasiya rəhbərliyi ölkənin ali idman təşkilatları tərəfindən qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün daha səmərəli fəaliyyətin vacibliyini vurğulayıb.

Baş məşqçi vəzifəsinin icrasına başlayan Əməkdar Məşqçi Şahin Xudaverdiyev göstərilən etimada görə təşəkkürünü bildirərək, yüksək nailiyyətlər qazanmaq uğrunda bundan sonra da var qüvvəsi ilə çalışacağını söyləyib. Yığıncaqda, həmçinin milli komandanın 2018-ci il ərzində keçiriləcək nüfuzlu yarışlara hazırlıq işləri, idmançıların vitaminləşdirmə prosesi, dopinqə qarşı nəzarətin gücləndirilməsi və digər öhdəliklər müzakirə olunub.

Sonda fevralın 14-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçiriləcək “Premyer Liqa 1” turnirində iştirak üçün yola düşəcək idmançılara tövsiyələr verilib və qərarlar qəbul olunub.

Xəbər 1052 dəfə oxundu.