"Pyönqçanq-2018": Dopinq qəhrəmanları
"Pyönqçanq-2018" hələ başlamazdan əvvəl tarixə adını antiqəhrəmanlarla da yazdırıb və bununla daim xatırlanacaq. 7 idman növü, 15 proqram üzrə 102 medal dəsti uğrunda mübarizə aparanlar arasında bu dəfə Rusiyanın müstəqil komandasının olmaması Oyunlara əbədiyyət gətirməklə bu anı tarixin "qara səhifələri"ndən birinə çevirib. Soçi olimpiadasında nailiyyətlərin dopinq hesabına əldə edilməsi faktı uzun sürən araşdırmalara, qalmaqallara, qarşılıqlı ittihamlara, bir sözlə, xoşagəlməz və idmana şərəf gətirməyəcək ab-havaya gətirib çıxarmışdı. Onun siyasiləşdirilməsinə cəhdlər isə hər dəfə vəziyyəti mürəkkəbləşdirirdi. Artıq məsələ, necə deyərlər, "sülh yolu ilə" həllini tapıb. Rusiya Prezidenti Vladimir Putin hər bir idmançının karyerasında olimpiya oyunlarının əhəmiyyətini xüsusi vurğulayaraq, ölkəsinin "təmiz" idmançılarının yarışlara qatılmaq istəyini alqışlayıb və xeyir-duasını verib. "Rusiyalı olimpiya idmançıları" adı altında çıxış edəcək heyətə 6 idman növündə 169 idmançının salınması artıq razılaşdırılıb. 101 aparıcı idmançının isə bu Oyunlarda yer ala bilməyəcəyi dəqiqdir. Valeri Furneronun başçılığı ilə BOK komissiyası onların siyahısını hazırlayıb. "Qara siyahı"ya düşənlər arasında adı dopinqlə bağlı qalmaqallarda hallanmayan bəzi məşhur idmançılar da var. Bu sırada şort-trekdə 6-qat olimpiya çempionu Viktor An, biatlonçu olimpiya çempionu Anton Şipulin və xizəkçi ikiqat dünya çempionu Sergey Ustyuqov var. Digər tanınanlatdan kirşəçi Viktoriya Demçenko, fiqurlu konkisürən İvan Bukin, biatlonçu Yevgeni Qaraniçev, Darya Virolaynen də var. Daha bir tədqiqatçı qrupun - Dennis Osvaldın başçılıq etdiyi komissiyanın qərarı ilə xizəkçilər Aleksandr Leqkov, Maksim Vıleqjanin, skeletonçu Aleksandr Tretyakov, bobsleyçi Aleksandr Kasyanov isə idmandan ömürlük uzaqlaşdırılıblar. Bununla belə idmançıların sayının bir qədər artması və 7 idman növünün hər birində təmsil olunması da mümkündür.

Hər halda hər şey ona görə yaxşıdır ki, Şimal və Cənub Koreyaları arasındakı qalmaqalın da xeyirlə bitməsi olimpiadanın major notların müşayiəti ilə keçməsinə ümid yaradır.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək.

Xəbər 599 dəfə oxundu.