Ramin Musayev: “Unibank”la işləmək istərdik
Kütləvi informasiya vasitələri, futbol klublarının baş məşqçiləri və kapitanları arasında aparılmış sorğu nəticəsinə əsasən, “Qəbələ” klubunun hücumçusu Yannik Kamanan mart ayının oyunçusu seçilib. Maraqlıdır ki, “qara-qırmızılar”ın ön xətt futbolçusu, adəti üzrə, mükafatı paytaxtda deyil, əyalətdə, Qəbələdə alıb. Özü də 31 yaşlı forvarda mükafat ilk dəfə oyun vaxtı təqdim edilib. Bu məqsədlə “Unibank” və Peşəkar Futbol Liqasının rəsmiləri jurnalistlərlə birgə aprelin 7-də səfərə çıxıblar. Onlar həmin gün Unibank Premyer Liqasının XXVII turu çərçivəsində “Qəbələ” ilə “Xəzər Lənkəran” arasında baş tutan oyunu izləyəyiblər. Qarşılaşmadan öncə fransalı forvarda “Unibank”dan 1111 manat pul mükafatı və PFL-dən qiymətli hədiyyə təqdim olunub.

Yannik Kamanan martda “Qəbələ”nin uğurlarında böyük pay sahibi olub. O, ötən ay ölkə çempionatında 6 qol vurub. Elə buna görə, ən yüksək faizlə media nümayəndələrinin etimadını qazanıb. Bu isə ilk dəfə baş verib.
Tədbirdən sonra Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, “Unibank”ın nümayəndəsi Yevgeni Soltanov və “Qəbələ”nin hücumçusu Yannik Kamanan “Qafqaz” mehmanxanasının toplantı zalında jurnalistlərlə görüşüblər. PFL rəhbəri deyib ki, “Unibank”la müqavilə bu il başa çatacaq. Amma onlar bundan sonra da adı çəkilən bankla əməkdaşlıqda maraqlıdırlar:

“Sual oldu ki, Topazla çalışmaq istərdiniz, yoxsa “Unibank”la? Topazı pisləmirəm, amma “Unibank”la işləmək istərdik. Çünki o, futbola diqqət ayıran ilk bankdır. Son 2 ildə onlarla heç bir poblem yaşamamışıq. Tədbir keçirməklə bağlı nə vaxt müraciət etmişiksə, həmişə “hə” cavabı almışıq. Əgər başqa banklardan daha fərqli təklif gəlməsə, onlarla işləməyə davam edəcəyik. Bu fərq 50000, 100000 manat civarında olsa belə, biz “Unibank”ı seçəcəyik. Buna səbəb, yenə qeyd etdiyim kimi, onun futbola ilk dəstək verən bank olmasıdır”.

PFL prezidenti ad çəkməsə də, 2 bankın onlara müraciət etdiyini söyləyib: “Hazırda iki bank müraciət edib. Ancaq onlarla ölkə kuboku barədə danışmamışıq. Topazdan başqa şirkət də var. Amma “Unibank”la danışıqlar yekunlaşmamış, onlarla danışmayacağıq”.
Qarşılaşmaya gəlincə, R.Musayev “Qəbələ”nin oyununu bəyənməyib: “Onlarda qələbə ruhu yox idi. Bununla belə, komandada bəyəndiyim futbolçular oldu. Xüsusilə də Ürfanı qeyd etmək istərdim. Cəmi 20 yaşı var. Çox yaxşı oynadı. Legionerlərdən də özünü yaxşı tərəfdən göstərən oldu. Dodonu, Bartonu qeyd edə bilərəm. Amma Bartonun niyə əvəz edildiyini başa düşə bilmədim. Bunu baş məşqçi bilər. “Qəbələ” klubunun gördüyü işləri bəyəndim. Bu gün ölkəmizə qonaq gəlsə və onlara hansısa klubumuzu göstərmək lazım olsa, onları Qəbələyə gətirərik. Burdakı şərait futbolun inkişafı baxımından çox yüksəkdir”.

“Unibank”ın numayəndəsi Y.Soltanov, öz növbəsində deyib ki, PFL-dən təklif gələrsə, onlar bunu dəyərləndirib, qərar verəcəklər. Çox güman, qiymətləndirmə yenə müsbət olacaq.
“Qəbələ” klubunun hücumçusu Y.Kamananın sözünə görə, o, martda ən yaxşı futbolçu seçildiyi üçün xoşbəxdir: “Qalib gəldiyimə görə şadam. Sevincimi komanda yoldaşlarımla bölüşürəm.”

Kamran HACI
Bakı-Qəbələ-Bakı

Xəbər 1111 dəfə oxundu.