Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyində 40 idmançı qüvvəsini sınayıb
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 15-17 yaşlı gənclər arasında keçirilən sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.

Tədbirdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və muxtar respublikanın Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək, yarışın keçirilmə qaydaları haqqında danışıblar.

Muxtar respublikanın Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 8 çəki dərəcəsi üzrə 40 idmançı qüvvəsini sınayıb. Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışın yekun nəticələrinə görə Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Kəramət Xudiyev, Abbas Nəzərəliyev, Muxtar İbrahimov, Anar Həsənov, Rəvan Bayramov və Qoca Əhmədov müvafiq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi adını qazanıblar.

Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Xəbər 931 dəfə oxundu.