Dünya çempionatına növbəti dəstək kimlərdən gəldi?
Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilən beynəlxalq miqyasda ətraf mühitin qorunmasına həsr olunmuş VI İNEPO-AVRASİYA olimpiadasında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 təqdim edilib. İdman.com.az saytının məlumatına görə, 42 ölkədən nümayəndələrin iştirak etdiyi və eyni zamanda dünya çempionatının milli sponsoru olan SOCAR-ın baş sponsorluğu ilə keçirilən olimpiadada mundialın talismanı azarkeşlərlə görüşüb.

Çempionatın sloqanı olan “On bir ürək, bir istək” Azərbaycan və ingilis dillərində Vyetnam, İngiltərə, Bosniya və Herseqovina, Anqola və Şimali Kipr Türk Respublikasının təmsilçiləri tərəfindən səsləndirilib, talismanla şəkillər çəkdirilib. Tədbirdə iştirak edən ölkələrin nümayəndələri dünya çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan yığmasına uğurlar arzulayıb.

Dünya çempionatının stendi qarşısına toplaşan məktəblilərə, tələbələrə, valideyinlərə çempionat barədə və könüllülük imkanları haqqında məlumat verilib. Sonda olimpiada iştirakçıları arasında çempionatla bağlı interaktiv sual-cavab keçirilib, qaliblərə hədiyyələr təqdim edilib.

Xəbər 925 dəfə oxundu.