Şimali Koreya Pxençanda keçiriləcək Paralimpiya Oyunlarına dəvət olunub
Beynəlxalq Paralimpiya Komitəsi Koreya Xalq Demokratik Respublikasını (KXDR) martın 9-18-də Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Paralimpiya Oyunlarında iştiraka dəvət edib.

KXDR dəvəti qəbul edəcəyi halda bu, Şimali Koreya idmançılarının Qış Paralimpiya Oyunlarında ilk iştirakı olacaq. Hələlik KXDR tərəfi dəvətə münasibət bildirməyib.

Beynəlxalq Paralimpiya Komitəsi hər iki Koreya idmançılarının Paralimpiya Oyunlarının açılış və bağlanış mərasiminə vahid komanda şəklində çıxmasını təklif edib. “Düşünürəm ki, Şimali Koreyanın Paralimpiya Oyunlarında iştirakı idman vasitəsilə güclü sülh ismarıcı verəcək. KXDR və Koreya Respublikası atletlərinin açılış və bağlanış mərasimində vahid komandada addımlaması hər iki ölkə üçün tarixi an olacaq, - deyə Beynəlxalq Paralimpiya Komitəsinin sədri Endryu Parsons bildirib.

Qeyd edək ki, KXDR idmançılardan, rəsmi şəxslərdən, incəsənət ustalarından, nümunəvi çıxışlar üçün taekvondoçulardan və azarkeşlərdən ibarət geniş heyətlə Pxençanda keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcək. Şimali və Cənubi Koreya idmançılarının açılış mərasiminə vahid Koreya komandası ilə çıxması razılaşdırılıb. Bundan başqa, qadın hokkeyçilərin yarışında vahid Koreya komandası mübarizə aparacaq.

Xəbər 856 dəfə oxundu.