Yeniyetmə və gənc karateçilərimiz Avropa çempionatı öncəsi son məşqlərini keçiriblər
Fevral 2-də Rusiyanın Soçi şəhərində 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşadək gənclərin isə 10-cu Avropa çempionatı start götürəcək.

Yarışa bir gün qalmış milli komandamızın üzvləri turnirin keçiriləcəyi “Aysberq” Qış İdman Sarayında son hazırlıq məşqinə çıxıblar.

Milli komandanın məşqçiləri Anar Allahverdiyev, Şahin Xudaverdiyev, Denis Morozov və Vahid Ayvazov (kata) Avropa çempionatına hazırlığı yüngül məşq prosesi ilə tamamlayıblar. Yarışqabağı yüksək əhval-ruhiyyədə olan idmançılar mükafatlar uğrunda mübarizəyə tam hazırdırlar.

Qitə çempionatının ilk günü 14-15 yaşlı yeniyetmələrin və digər yaş qruplarında kata yarışlarının nəticələri məlum olacaq. Fərid Ağayev (52 kq), Əminağa Əliyev (57 kq), Tale Yaqubov (63 kq), Polina Hurenko (47 kq), Fidan Dadaşova (54 kq) və Ayla Rzazadə (54 kq-dan yuxarı), Həsənəli Həsənov (kata), Suzanna Aslanova (kata), həmçinin 16-18 yaşlı gənclərdən Ceyhun İsmayılov (kata) və 21 yaşadək gənclərdən Roman Heydərov (kata) 44 ölkədən 956 idmançı ilə birgə medalçılar sırasına düşmək üçün mübarizə aparacaqlar.

Fevralın 2-də, həmçinin Avropa Karate Federasiyası (EKF) İcraiyyə komitəsinin yığıncağı keçiriləcək. Komitənin üzvü, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov tədbirdə iştirak edəcək.

Xəbər 1077 dəfə oxundu.