Anapadan bir medal dəsti
Rusiyanın Anapa şəhərində gənc boksçuların Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş ənənəvi boks turniri keçirilib. İdman.com.az saytının məlumatına görə, bu dəfə yarışda Rusiya, Kuba, Monqolustan, İrlandiya, Serbiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Moldova və digər ölkələrin 132 idmançısı mübarizə aparıb. Anapaya geniş tərkibli heyətlə yollanan millimiz əksər çəki dərəcələrində 2 boksçu ilə təmsil olunub.

Yarışın ilk günündə rinqə çıxan gənclər arasında Avropa çempionu, ötən ay Bakıda keçirilmiş “Böyük İpək Yolu” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Pərviz Bağırov (64 kq) qazaxıstanlı Alibek Adieti 10:3 hesabı ilə məğlub edib.

69 kq çəki dərəcəsində yarışan Abdulla Abdullayev Qazaxıstanın digər nümayəndəsi Aytjan Şleyevi üstələyib – 9:5. Natiq Kazımov da ilk döyüşünü qələbə ilə başa vurub. Ən yüngül çəki dərəcəsində yarışan idmançımız qazaxıstanlı Anuar Batıxanovu 10:7 hesabı ilə məğlub edib. Malik Muradov (52 kq) Rusiya boksçusu Aydar Netoleyevlə bacarmayıb – 6:14.

İlkin mərhələdə mübarizəni dayandıran digər həmyerlilərimizin də qarşısını Rusiya yığmasının üzvü kəsib. Alim Abbasov (56 kq) Məhəmməd-Rəşid Cəbrayılova 3:9 hesabı ilə uduzub. 60 kq çəki dərəcəsində mübarizə aparan Şahmar Əliyev isə Özbəkistan təmsilçisi Elnur Abdurraimova yenilib. 81 kq çəkidə mübarizə aparan gənclər arasında Avropa çempionu Rauf Rəhimov finala yüksələnlər sırasında olub. Həmyerlimiz əvvəlcə Ukraynanı təmsil edən Dilmurad Satıbaldiyevi 13:5 hesabı ilə məğlub edib. Yarımfinalda isə İrlandiya təmsilçisi Jon Joy Makdonah Rəhimovun zərbələri qarşısında aciz qalıb – 12:4. Millimizin üzvü finalda qazaxıstanlı Denislam Abdeşevlə üz-üzə gəldikdən sonra fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq haqqını qazanıb.

75 kq çəki dərəcəsində yarışan Orxan Mayıllı da finalda iştirak etmək hüququ qazanıb. Lakin final görüşü boksçumuz üçün uğursuz olub. Orxan həlledici görüşdə Qazaxıstan idmançısı Daulet Bayqabatova uduzub.
49 kq çəki dərəcəsində mübarizə aparan Ceyhin İbrahimli isə Anapada bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda yerli idmançı Yusup Qazzayevə məğlub olub.


Xəbər 1296 dəfə oxundu.