Güləşçilərimiz “Təxti Kuboku” beynəlxalq turnirində iki medal qazanıblar
İranın Mehşəhr şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri başa çatıb.

Yığmamızın üzvləri turniri 1 qızıl və 1 bürünc medalla tamamlayıblar.

Bütün rəqiblərini üstələyən Orxan Nuriyev (97 kq) turnirin qızıl medalına sahib olub. Həlledici görüşdə güləşçimiz Türkiyə təmsilçisi, Rio Olimpiadasının bürünc medalçısı Cenk İldem üzərində inamlı qələbə qazanıb.

Bürünc medalı isə yığmamıza Türmən Eyyubov (97 kq) qazandırıb. Üçüncü yer uğrunda görüşdə idmançımız İran təmsilçisi Mohammed Yeganehlə gərgin keçən qarşılaşmadan qalib ayrılıb.

Ziyad Zeynalov, İbrahim Nurullayev (hər ikisi 55 kq) və Sakit Quliyev (60 kq) turniri beşinci sırada tamamlayıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev təmsil edib.

Qeyd edək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan qitə və dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən, reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək. İlin ilk reytinq siyahısı martda açıqlanacaq.

Xəbər 1116 dəfə oxundu.