Veyk-an-Zee şəhərində keçirilən şahmat turnirində “üçhakimiyyətlilik” yaranıb
Niderlandın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi Tata Steel Masters super turniri finişə yaxınlaşır. Yarışların başa çatmasına üç tur qalmış yenidən üç lider var. Bu ərəfədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və norveçli Maqnus Karlsen xalların sayına görə turnir cədvəlinə başçılıq edən yerli şahmatçı Aniş Giriyə çatıblar. Onların hər üçü 7 xal toplayıb. Rusiyalı Vladimir Kramnik liderlərdən yarım xal geri qalır.

Doqquzuncu turda Şəhriyar Məmmədyarov qaralarla Rusiya təmsilçisi Pyotr Svidleri məğlub edib, Maqnus Karlsen ağlarla ABŞ şahmatçısı Uesli Soya, ağ fiqurlarla oynayan Vladimir Kramnik isə öz həmvətəni Maksim Matlakova qalib gəlib. Turnirin lideri Aniş Giri rusiyalı Sergey Karyakin ilə heç-heçə oynayıb.

Həmin gün Hindistan təmsilçisi Vişvanatan Anand da uğur qazanıb. O, qaralarla ingilis Haveyn Consu məğlub edib. Çinli Vey İ və amerikalı Fabiano Karuana, digər Çin təmsilçisi Hou İfan və hindistanlı Baskaran Adiban arasında keçirilən oyunlar heç-heçə başa çatıb.

On turdan sonra turnir cədvəli: 1-3. Şəhriyar Məmmədyarov, Aniş Giri, Maqnus Karlsen - hərəyə 7 xal; 4. Vladimir Kramnik – 6,5 xal; 5. Vişvanatan Anand – 6 xal; 6-7. Uesli So, Sergey Karyakin – hərəyə 5 xal; 8. Pyotr Svidler – 4,5 xal; 9-12. Vey İ, Haveyn Cons, Maksim Matlakov, Fabiano Karuana – hərəyə 4 xal; 13. Baskaran Adiban – 3 xal; 14. Hou Yifan – 2 xal.

Bu gün turnirdə sonuncu istirahət günüdür.

Yanvarın 26-da keçiriləcək 11-ci turda Karuana-Giri, Məmmədyarov-Karlsen, Karyakin-Kramnik, Anand-Hou İfan, So-Cons, Matlakov-Svidler, Adiban-Vey İ qarşılaşacaqlar.

Xəbər 1022 dəfə oxundu.