Van Marveyk Avstraliya yığmasına baş məşqçi təyin edilib
Hollandiyalı mütəxəssis Bert van Marveyk futbol üzrə Avstraliya yığmasının baş məşqçisi təyin edilib.

65 yaşlı mütəxəssis komandanı 2018-ci ilin dünya çempionatına hazırlayacaq və final turnirinə qədər onunla çalışacaq.

Avstraliya Futbol Federasiyasının başçısı Stiven Loui van Marveykin təyinatını belə şərh edib: “Bu, Avstraliya futbolu üçün əla xəbərdir. Van Marveyk dünya səviyyəli məşqçidir. O, Hollandiya yığmasını 2010-cu ilin dünya çempionatına, Səudiyyə Ərəbistanı yığmasını isə 2018-ci ilin dünya çempionatına hazırlaşdırıb. Van Marveyk komandamıza yaxından bələddir, çünki seçmə qrup mərhələsinin yarışlarında onu rəqib kimi səylə öyrənib. Onun təcrübəsi seçimimizdə müəyyənedici amil olub”.

Avstraliya yığmasının əvvəlki baş məşqçisi Ange Postekoqlu komandanı final mərhələyə çıxarandan sonra vəzifəsini tərk edib. Onun yerinə Roberto Mançini, Marselo Byelsi, Ralf Ranqnik və Slaven Biliç kimi mütəxəssislərin namizədlikləri nəzərdən keçirilib.

Qeyd edək ki, Avstraliya yığması 2018-ci ilin dünya çempionatında Fransa, Danimarka və Peru yığmaları ilə bir qrupda oynayacaq.

Xəbər 556 dəfə oxundu.