Bərdədə cüdo birinciliyində 9 şəhər və rayondan 120 idmançı iştirak edib
Bərdə Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr və kadetlər arasında keçirilən cüdo üzrə şəhər və rayonlararası turnir başa çatıb.

Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 9 şəhər və rayondan idmançılar iştirak ediblər.

Turnirin açılışında Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bərdə rayon gənclər və idman idarəsinin əməkdaşı İsmayıl Abdullazadə çıxış edərək 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, qanlı hadisənin xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirib.

Yarışda 22 çəki dərəcəsində 120 cüdoçu qələbə uğrunda mübarizə aparıb. Birincilik yarışın baş hakimi Şahin Əhmədovun rəhbərliyi ilə 7 nəfərdən ibarət hakimlər briqadası tərəfindən idarə edilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın qalibləri müvafiq dərəcəli diplom və medallarla təltif olunub.

Xəbər 1066 dəfə oxundu.