Metro stansiyalarına idmançıların adları verilib

Yay Olimpiya oyunları ərəfəsində Londonun nəqliyyat idarəsi şəhər metrosunun xüsusi xəritəsini təqdim etmişdir. Xəritədə stansiyalara əfsanəvi idmançıların adları verilib, hər bir xətt isə müəyyən olimpiya növlərinə həsr olunub.

“Olimpiya əfsanələri” layihəsi çərçivəsində 361 stansiyanın adının dəyişdirilməsi virtual məkanda baş verib və 2012-ci ilin Olimpiya oyunlarına həsr olunub.

Məsələn, 14 qızıl medal qazanmış və bütün dövrlərin ən uğurlu olimpiyaçısı olmuş Amerika üzgüçüsü Maykl Felpsin adı Oyunların başlıca stansiyası olan Stratforda verilmişdir. Yaxınlıqdakı stansiya Romada Olimpiya oyunlarının qızıl medalını qazanmış və bundan sonra Məhəmməd Əli adını götürmüş Amerika boksçusu Kassius Kleyin şərəfinə adlandırılıb.

Şüvüllə tullanma üzrə onlarca dünya rekordu qazanmış Rusiyanın nadir yüngül atleti Yelena İsinbayeva da Londonun metro sxemində öz adını görəcək.

Xəritənin yaradıcıları qeyd etmişlər ki, bütün dövrlərin ən böyük olimpiyaçıları sırasından 361 idmançı seçmək asan olmayıb.
Siyahıya görkəmli Sovet qapıçısı Lev Yaşin də düşüb.

AzərTAc

Xəbər 1352 dəfə oxundu.