“Bakı-2020”-nin namizədliyini təqdimatı keçirilib

Təşkilat Komitəsindən Lent.az-a verilən məlumata görə, təqdimat canlı video-konfrans vasitəsilə Beynəlxalq Olimpiya Komitəsinin (İOC) ekspertlər qrupu üçün təşkil olunub.
Mayda 2020-ci il olimpiadasına 5 iddiaçı şəhər arasında rəsmi namizədlərin seçilməsi üçün İOC-un tələbinə uyğun olaraq Təşkilat Komitələrindən müvafiq təqdimatlar tələb olunurdu. Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin seçimi üçün təşkil edilən belə təqdimat BOK tərəfindən ilk dəfə tətbiq edilir.
Bakı (Azərbaycan), Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) şəhərlərinin Təşkilat Komitələrinin hər biri 15 dəqiqə ərzində canlı video-konfrans vasitəsilə ərizə kitablarının texniki cəhətləri haqqında ətraflı məlumat, 30 dəqiqə ərzində isə İOC tərəfindən qaldırılan suallara cavab verməli idilər. Gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə “Bakı-2020”nin texniki təqdimatı üçün təşkil edilən heyətdə “Bakı-2020” Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, AFFA-nın Baş Katibi Elxan Məmmədov, ARDNŞ-in Layihələrin İdarəedilməsi şöbəsinin müdiri Elməddin Dadaşov və “Bakı-2020” ekspertlər qrupunun üzvü Devrim Kara iştirak ediblər.
A.Rəhimov təqdimatın uğurlu keçdiyini bildirib: “Mütəxəssislərimiz yüksək səviyyəli təqdimat hazırlamışdılar və deyə bilərəm ki, İOC-un Ekspertlər Qrupu təqdimatımızı çox müsbət qarşıladı. Növbəti geniş təqdimat isə Milli Olimpiya Komitələri Assosiasiyasının Moskvadakı Baş Assambleyasında olacaq. 1000 nəfərin iştirak edəcəyi həmin toplantıda Təşkilat Komitəmiz 10 dəqiqəlik təqdimat edəcək”.
Qeyd edək ki, İOC-un qaydalarına əsasən texniki təqdimatın məzmunu məxfi saxlanılır.

Xəbər 1280 dəfə oxundu.