Müşfiq İsayevin xatirə turnirinin ikinci günündə sərbəst güləşçilər yarışıblar
20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 21-ci beynəlxalq turnir başa çatıb.

Bakı İdman Sarayında keçirilən turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan güləşçilər iştirak ediblər.

Yarışın ikinci günündə 48, 55, 65, 80 və 110 kq çəkidə sərbəst güləş üzrə 159 pəhləvan mübarizə aparıb. Onlar arasında fəxri kürsünün ən yüksək pilləsinə Umidjon Jalolov (Özbəkistan, 48 kq), Auez Seitbaev (Qazaxıstan, 55 kq), Vahid Əlizadə (Azərbaycan, 65 kq), Mukhammadrasul Rakhimov (Özbəkistan, 80 kq) və Sənan Əlizadə (Azərbaycan, 110 kq) qalxıblar.

Yarışın birinci günündə yunan-Roma güləşçilərinin mübarizəsində qaliblər müəyyənləşib. Belə ki, Qurban Qurbanov (45 kq), Elmir Əliyev (51 kq), Xasay Həsənli (60 kq), Asim İmadzadə (71 kq) və Abrorbek Nurmuxammedov (Özbəkistan, 92 kq) bütün rəqiblərini məğlub edərək qızıl medallara sahib olublar.

Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, turnir 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilib.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən yeniyetmə güləşçilərin Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 110 kq çəkidə sərbəst, 45, 51, 60, 71 və 92 kq çəkidə yunan-Roma güləşi üzrə keçiriləcək yarışlarda 2001-2002-ci il təvəllüdlü idmançılar mübarizə aparıblar.

Xəbər 1381 dəfə oxundu.