Cüdo üzrə Bakıda keçiriləcək dünya çempionatının ilk iştirakçıları məlumdur
Cüdo idman növündə ilin ən mühüm hadisəsi sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək dünya çempionatıdır. Çempionatın başlanmasına doqquz aydan çox vaxt qalsa da, mundialın ilk iştirakçıları artıq məlumdur. Onlar dünya çempionu titulunun hazırkı sahibləri – Naoxisa Takato (60 kq) və Xifume Abedir (66 kq).

Yaponiya təkcə birinci dərəcəli cüdo məktəbi ilə deyil, habelə hər bir irimiqyaslı turnirdən əvvəl idmançıların ciddi seçimi ilə məşhurdur. Lakin Yaponiya Cüdo Federasiyasının dünya çempionatı üçün yenilənmiş dərəcələndirmə qaydalarına əsasən, idmançı mundialı qazandığı və Tokiodakı “Böyük Dəbilqə” turnirində qalib gəldiyi təqdirdə növbəti dünya birinciliyində mübarizə aparmaq hüququ əldə edir. Beləliklə, hər iki start turnirini qazanan Naoxis Takato və Xifume Abe avtomatik olaraq Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək yığma komandanın tərkibinə daxil edilib.

Ötən il hər iki idmançı üçün uğurlu olub: onlar dünya çempionatı və “Böyük Dəbilqə” turniri ilə yanaşı, Parisdə keçirilmiş analoji yarışda da qalib gəliblər. Mundialın finalında azərbaycanlı cüdoçu Orxan Səfərova qalib gələn Takato, həmçinin Asiya çempionatında da birinci yeri tutub. Hər iki yapon idmançı Bakıda qələbəyə əsas iddiaçı hesab olunur. Bundan başqa, onların yığma komandada mövqeyi o qədər möhkəmdir ki, böyük ehtimalla Takato və Abeni 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada da görə biləcəyik.

Finalda Rüstəm Orucovu məğlub edərək dünya çempionatının qalibi olmuş digər idmançı Soiçi Xaşimoto isə Bakıya gəlmək üçün mübarizə aparmalı olacaq. Keçən ilki dünya reytinqinin lideri iştirak etdiyi yeddi yarışdan altısında qalib gəlib. Amma Tokiodakı “Böyük Dəbilqə” turnirində üçüncü yeri tutduğundan apreldə keçiriləcək Yaponiya çempionatında dünya çempionatına gedəcək yığma komandanın tərkibinə daxil olmaq üçün mübarizə aparmalıdır. Ötən ilin sonunda keçirilmiş “World Masters” turnirindəki qələbəsi də Xaşimotoya kömək etməyib.

Qadınlar arasında hazırki dünya çempionları Funa Tonaki (48 kq), Ai Şişime (52 kq) və Çizuru Arai (70 kq) Tokioda “Böyük Dəbilqə”ni qazana bilmədiklərinə görə, Bakıda keçiriləcək dünya çempionatında yığma komandanın tərkibinə daxil olmaq üçün seçmə turnirdə mübarizə aparacaqlar.

AZƏRTAC

Xəbər 1227 dəfə oxundu.