Azərbaycan qrossmeysteri “Tata Steel Chess” turnirinin liderlərindən yarım xal geri qalır
Hollandiyanın Veyk-an-Zeye şəhərində “Tata Steel Chess” nüfuzlu şahmat turnirinin dördüncü turu keçirilib. Azərbaycanı turnirdə qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edir.

Dördüncü turda Azərbaycan təmsilçisi dünya şahmat tacı uğrunda matçın sabiq iştirakçısı Sergey Karyakinlə (Rusiya) görüşüb. Rəqiblər 47-ci gedişdə sülh bağlayıblar.

Dördüncü turun digər partiyalarının nəticələrini təqdim edirik. Rusiyalı qrossmeyster Vladimir Kramnik həmyerlisi Pyotr Svidlerə, Vey İ (Çin) Qaveyn Consa (İngiltərə), Maksim Matlakov (Rusiya) Hou İfana (Çin) qalib gəlib. Başkaran Adhiban (Hindistan) – Vişvanatan Anand (Hindistan), Fabiano Karuana (ABŞ) – Uesli So (ABŞ) və Aniş Giri (Niderland) – Maqnus Karlsen (Norveç) heç-heçə oynayıblar.

Dördüncü turdan sonra Vişvanatan Anand və Aniş Girinin hər birinin aktivində 3 xal var. Ondan sonra Şəhriyar Məmmədyarov, Maqnus Karlsen və Vladimir Kramnik (hər birində 2,5 xal), Sergey Karyakin, Vey İ, Uesli So, Maksim Matlakov, Qaveyn Cons (hər birində 2 xal), Fabiano Karuana, Pyotr Svidler (hər birində 1,5 xal), Başkaran Adhiban (1 xal) və Hou İfan (0,5 xal) gəlir.

Bu gün beşinci turun partiyaları keçiriləcək.

Turnir yanvarın 28-də başa çatacaq.

Xəbər 1112 dəfə oxundu.